İnklüziv uşaqlara necə davranmaq lazımdır? - Mütəxəssis RƏYİ

SOSİAL
12:30 / 21.01.2025
60

"İnklüziv uşaqlar cəmiyyətimizin çox dəyərli hissəsidir".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, onlar böyük potensiala sahib fərdlərdir:

"Əsas məsələ həmin uşaqlara yalnız "yardıma ehtiyacı olanlar" kimi baxmamaqdır. Çünki onlar da digər uşaqlar kimi oynamağı, öyrənməyi və özlərini cəmiyyətdə tam hiss etməyə layiqdirlər. Bu uşaqlarla işləyərkən onları tanımaq və hər birinin özünəməxsusluğunu qəbul etmək çox vacibdir. Onların bacarıqlarını üzə çıxarmaq üçün fərdi yanaşma tətbiq etmək lazımdır".

O qeyd edib ki, səbirli olmaq və inklüziv uşaqların kiçik uğurlarını belə qiymətləndirmək böyük əhəmiyyət daşıyır:

"Çünki kiçik uğurlar onların özünəinamını artırır və irəliləməsinə təkan verir. Burada valideynlərin də rolu çox böyükdür. Sevgi və dəstək inklüziv uşaqların ən böyük güc mənbəyidir. Valideynlər öz övladlarını həddindən artıq qorumaq əvəzinə, onları cəmiyyətə inteqrasiya etməyə çalışmalıdırlar. Həmçinin, digər valideynlərlə təcrübə paylaşmaq, dəstək qruplarında iştirak etmək onların bu prosesdən daha rahat keçməsinə kömək edə bilər".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, məktəblərin və müəllimlərin inklüziv uşaqlara dəstək verməsi də vacibdir:

"Sinif mühiti elə qurulmalıdır ki, hər uşaq özünü rahat hiss etsin. Digər uşaqlar isə inklüziv dostlarına anlayışla yanaşmağı öyrənməli, birlikdə mehriban bir mühit qurmalıdırlar. Unutmayın, inklüziv uşaqlar yalnız dəstəyimizə deyil, həm də sevgi və anlayışımıza ehtiyac duyurlar. Onların fərqliliyini qəbul etmək, bacarıqlarını üzə çıxarmaq və hər kəs kimi dəyərli olduqlarını hiss etdirmək cəmiyyət olaraq borcumuzdur".

Ülviyyə İlqar vurğulayıb ki, inklüziv uşaqlara bərabər imkanlar yaratmaq təkcə onların deyil, ümumilikdə cəmiyyətimizin inkişafı üçün vacibdir:

"Çünki müxtəliflik bizi gücləndirir, həyatımıza yeni rənglər qatır və daha tolerant bir gələcək inşa etməyə imkan yaradır. Hər uşaq öz dünyası ilə cəmiyyətə dəyər qatır. Biz isə onların bu yolda yanlarında olmalıyıq. Bu, yalnız bir vəzifə deyil, eyni zamanda gələcəyimizə qoyulan ən gözəl investisiyadır".

Pərviz

0