Bəzi gənclər nə üçün işləmədən pul qazanmaq istəyirlər?

SOSİAL
15:16 / 17.03.2025
113

"Bu gün bir çox gənc işləmədən və əziyyət çəkmədən tez varlanmaq istəyir".

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun əsas səbəblərindən biri sosial şəbəkənin təsiridir:

"Orada insanlar ancaq uğurlarını bölüşür, zəhmət və çətinliklərdən danışmırlar. Bu da gənclərdə "tez və asan pul qazanmaq mümkündür" düşüncəsini formalaşdırır. Halbuki, uğurun arxasında illərlə davam edən zəhmət dayanır. Digər səbəb isə müasir dövrün sürətli ritmidir. 

Texnologiya inkişaf etdikcə hər şey daha tez əldə olunur: qida sifarişləri, məlumat axtarışı, hətta ünsiyyət belə saniyələr içində baş verir. Gənclər də düşünür ki, pul qazanmaq da bu qədər asan olmalıdır".

369574

Lakin mütəxəssis diqqətə çatdırıb ki, real həyatda maddi uğur üçün vaxt və əmək lazımdır:

"Kainatda hər şey balansdadır. Bundan əlavə, qeyri-real gözləntilər də gənclərin düşüncəsinə təsir edir. İnternetdə "sıfırdan milyonçu olanlar" haqqında çoxlu reklamlar var. "Bir kursa yazıl, milyon qazan", "Bu üsulla heç nə etmədən gəlir əldə et" kimi şüarlar insanlarda yanlış ümidlər yaradır. 

Əslində isə maliyyə azadlığı üçün bilik, bacarıq və davamlı səy tələb olunur. Bütün bunlar göstərir ki, gənclərin belə düşüncəsi onların yaşadığı mühit və texnologiyanın təsiri ilə bağlıdır".

Ülviyyə İlqar vurğulayıb ki, gerçək həyatda uğur qazanmaq üçün təkcə arzulamaq kifayət deyil:

"Davamlı öyrənmək, bacarıqları inkişaf etdirmək və səbirli olmaq vacibdir. Əsl zənginlik isə yalnız maddi deyil, həm də insanın qazandığı biliklər, təcrübə və dəyərli əlaqələrdir. Tez varlanmaq istəyənlər əslində ən qiymətli şeyi, yəni prosesin içində böyüməyi və inkişaf etməyi qaçırırlar".

Pərviz

0