"Anamın əziz canı”, "seyid haqqı" - İslamda and içmək necə qəbul edilir?

SOSİAL
23:14 / 25.04.2025
146

İnsanlar mühüm bir şeyin haqq olmasını çatdırmaq üçün and içir. Bu zaman yalnız qədir-qiymətli şəxslərə və ya əşyalara and içilir.

Hətta bizə doğma olan şəxslərin, məsələn "Anamın əziz canı, "Balamın canı üçün, eləcə də "Çörək haqqı, "Quran haqqı , "Seyidin cəddi haqqı deyə deyə and içirik. 

Artıq cəmiyyətimizdə bu kimi andlar demək olar adi xarakter almağa başlayıb.

Görəsən İslam dinində and içmək necə qəbul edilir? And içmək olarsa, nəyə and içmək qəbul ediləndir?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam dininə görə çox and içmək yalançılıq əlamətidir: “Dinimizə görə ehtiyac olarsa, and yalnız Allaha içilməlidir. Dini tədirlə ifadə etsək, bu "vallahi, billəhi, təllahi" formasında olmalıdır. Yəni, and, qəsən zamanı yalnız Allah şahid gətirilə bilər. Bu, İslam hüququnda, şəriətdə də belədir. Hətta Qurana and içmək, əl basmaq dində yoxdur. İnsanların başqa şeylərə and keçməsi xurafatdır.

Dində hətta yalandan Allaha and içməyə görə cərimə də var. Kim yalandan and içsə üç gün oruc tutmalıdır ki, günahı əfv olunsun. Başqa adların etibarı yoxdur, boş sözdən və adam aldatmaqdan ibarətdir. İnsanlar əsasən alver zamanı çox and içir. Bu, günaha batmaqdır. Düz və haqlı olan adam heç and içməz. Əsasən etibarını itirənlər and içir. Bir də qarşıdakı inamsız adam olanda tərəflərdən biri iddiasını isbat etmək üçün and içir.

Ümumiyyətlə, çox and içməkdən çəkinmək lazımdır. Allaha da olsa çox and içib adiləşdirmək doğru deyil”.

Sevinc

0