Ekoloji fəallıq işçiləri tükənmişlikdən qoruyur və onları daha xoşbəxt edir

SOSİAL
19:58 / 02.10.2026
60

Səudiyyə Ərəbistanı və Misirdən olan beynəlxalq tədqiqatçılar qrupu otellərdə həyata keçirilən ekoloji siyasətin əməkdaşların psixoloji rifahına birbaşa müsbət təsir göstərdiyini müəyyən edib. 

HİT.az xəbər verir ki, böyük turizm obyektləri əsasında aparılan genişmiqyaslı sorğunun nəticələri “Sustainability” elmi jurnalında dərc olunub.

Mütəxəssislər beşulduzlu otellərin 700-ə yaxın sıravi əməkdaşı arasında sorğu keçiriblər. Məlum olub ki, işçilərin şirkətin təbiətə real qayğı göstərdiyini, bunun yalnız gözəl bəyanatlardan ibarət olmadığını gördüyü “yaşıl mühit” onların əməyini daha mənalı edir. Burada enerjiyə qənaət, tullantıların azaldılması, sudan şüurlu istifadə və xidmətlərin göstərilməsi zamanı ekoloji nəticələrin nəzərə alınması kimi konkret təşəbbüslər nəzərdə tutulur. Ətraf mühitin qorunmasına töhfə verdiyini hiss edən əməkdaşlar iş prosesinə daha fəal qoşulur və ümumilikdə həyatdan daha çox məmnunluq duyurlar.

Bu təsir zəncirvari şəkildə baş verir. Ekoloji missiyanın dərk edilməsi gündəlik vəzifələrə məna qazandırır, bu isə işə bağlılığın artmasına səbəb olur. Nəticədə insanın ümumi rifahı yüksəlir.

Alimlər qeyd edirlər ki, burada yalnız ekoloji təcrübələrin tətbiqi deyil, həm də bu dəyərləri öz davranışı ilə dəstəkləyən dürüst rəhbərliyin olması vacibdir. Cəmiyyətin və təbiətin maraqlarını nəzərə alan rəhbərlər əməkdaşlara gördükləri işdə daha dərin məna tapmağa kömək edirlər. Ekoloji dəyərlər personal üçün mühüm daxili resursa çevrilir. Bu resurs xidmət sahəsində qaçılmaz çətinliklərin öhdəsindən daha asan gəlməyə və peşəkar tükənmişliyin qarşısını almağa kömək edir.

Mütəxəssislər həmçinin müəyyən ediblər ki, personalın uzunmüddətli xoşbəxtliyi üçün asudə vaxtda işlə bağlı düşüncələrdən tamamilə uzaqlaşmaq bacarığı olduqca vacibdir. Əgər əməkdaş iş vaxtı başa çatdıqdan sonra da daim iş barədə düşünürsə, ekoloji təşəbbüslərə yüksək səviyyədə cəlb olunması belə onu yığılan stressdən qoruya bilməz.

Qonaqpərvərlik sektoru ənənəvi olaraq qeyri-sabit iş qrafiklərindən və emosional yüklənmədən əziyyət çəkir. Ekoloji standartların tətbiqi yalnız təbiətə vurulan zərərin azaldılmasına deyil, həm də daha sağlam iş mühitinin yaradılmasına kömək edir.

Samir

0