Müasir texnologiyaların inkişafına baxmayaraq, dinozavrları yenidən həyata qaytarmaq mümkün deyil. Bunun əsas səbəbi bu canlıların 66 milyon il əvvəl nəsillərinin kəsilməsi və həmin dövrə aid DNT nümunələrinin qorunub saxlanmamasıdır.
HİT.az xəbər verir ki, bu qənaətə Avstraliyanın Merdok Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” jurnalında dərc olunub.
Araşdırmada qeyd edilir ki, dinozavrların klonlaşdırılması üçün yalnız bütöv genetik ardıcıllıq deyil, həm də embrionun inkişafını başladacaq uyğun hüceyrələr lazımdır. Lakin milyonlarla il ərzində DNT parçalanaraq məhv olduğundan belə materialı əldə etmək mümkün deyil.
Alimlər 1993-cü ildə çəkilmiş “Yura dövrünün parkı” filmindəki ssenarinin də elmi baxımdan reallığa uyğun olmadığını bildirirlər. Filmdə dinozavrların DNT-sinin kəhrəba içində qalmış ağcaqanadlardan əldə edildiyi göstərilir. Halbuki kəhrəba genetik materialı on milyonlarla il qoruyub saxlaya bilmir.
Bununla belə, tədqiqatçılar dinozavrların bəzi xüsusiyyətlərinin müasir quşlarda qorunub qaldığını vurğulayırlar. Belə ki, quşlar teropod adlanan dinozavr qrupunun birbaşa nəslindəndir. Bu səbəbdən alimlər quş embrionlarında qədim əcdadlara xas bəzi xüsusiyyətləri yenidən üzə çıxarmaq imkanlarını araşdırırlar.
Məsələn, təcrübələrdə toyuq embrionlarında dişlərin, uzun quyruğun və əcdadlarına xas ətrafların inkişafını təmin edən genetik mexanizmlər öyrənilib.
Lakin mütəxəssislər bildirirlər ki, belə təcrübələr uğurlu olsa belə, nəticədə əsl dinozavr deyil, genetik xüsusiyyətləri dəyişdirilmiş müasir quş əldə ediləcək. CRISPR kimi gen redaktəsi texnologiyaları orqanizmin ayrı-ayrı xüsusiyyətlərini dəyişməyə imkan versə də, ilkin DNT olmadan bütöv nəsli kəsilmiş növü bərpa etmək mümkün deyil.
Alimlər əlavə edirlər ki, embrionun inkişafı üçün uyğun hüceyrələr, genlərin tənzimlənmə mexanizmləri və xüsusi bioloji şərait də tələb olunur. Bunları isə yalnız fosil qalıqları əsasında yenidən yaratmaq mümkün deyil.
Samir


