İkinci ali təhsilə maraq azalır...

TƏHSİL
15:40 / 24.06.2026
208

Son illər Azərbaycanda ikinci ali təhsilə marağın əvvəlki dövrlərlə müqayisədə azalması diqqətçəkən tendensiyalardan biridir. 

Bir zamanlar karyera imkanlarını genişləndirmək, yeni ixtisasa yiyələnmək və əmək bazarında daha rəqabətqabiliyyətli olmaq üçün ikinci diplom almağa çalışanların sayı kifayət qədər çox idi. Lakin hazırda bu istiqamətdə marağın zəiflədiyi müşahidə olunur. 

Gənclərin ikinci ali təhsilə meyl etməməsinin səbəbi müxtəlifdir. İlk olaraq bildirək ki, gənclərin bir qisimi diplom əldə etdikdən sonra öz ixtisası üzrə iş tapa bilmir, bu da onların ali təhsilə münasibətinə təsir edir. Uzun illər təhsil alıb, maddi və mənəvi resurs sərf etdikdən sonra əmək bazarında qarşılığını görməyən insanlar cəmiyyətdə müəyyən məyusluq yaradır. Bu vəziyyət xüsusilə məktəbi yeni bitirən gənclərin və onların valideynlərinin ali təhsilə baxışına təsir göstərir.

Bir çox gənc düşünür ki, universitet diplomu artıq əvvəlki kimi sabit iş və uğurlu karyera üçün zəmanət vermir. Onlar ətraflarında ali təhsil almasına baxmayaraq işsiz qalan, yaxud ixtisasından tamamilə fərqli sahələrdə çalışan insanları gördükdə, universitetə qəbul olmağın nə dərəcədə faydalı olacağı barədə tərəddüd yaşayırlar.

Bundan əlavə, ali təhsil müəssisələrində təhsil haqqının yüksək olması da marağı azaldan amillərdəndir. Çünki insanlar əlavə maliyyə yükü altına düşmək istəmirlər. 

Müasir dövrdə onlayn təhsil platformalarının geniş yayılması da bu prosesə təsir göstərir. Bir çox vətəndaş müəyyən sahələr üzrə bilik və bacarıqlarını artırmaq üçün universitet proqramlarına deyil, daha çevik və əlçatan təlimlərə müraciət edir. Bu, həm vaxt baxımından sərfəlidir, həm də daha az xərc tələb edir.

Günel Cəlilova

0