Bu gün Magistratura və Dövlət qulluğu imtahanlarında ən çox nəticəyə təsir edən fənlərdən biri məntiqdir.
Lakin maraqlıdır ki, şagirdlər məktəbdə bu sahə ilə demək olar ki, tanış olmurlar. Ali təhsil müəssisələrində isə məntiqin tədrisi çox məhdud şəkildə həyata keçirilir. Bu da imtahan tələbləri ilə təhsil sistemi arasında müəyyən uyğunsuzluğun olduğunu göstərir.
Gələcək karyera planı quran gənclər isə demək olar ki, fənni bilmədən nə dövlət qulluğu, nə magistratura imtahanında uğur qazana bilir.
Bəs nə üçün bəzi məktəblərdə şagird və ali təhsil müəsissələrində isə tələbələrin intellektual səviyyəsini yüksəlmək məqsədilə məntiq fənni tədris edilmir ?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, magistratura imtahanlarında ən çox bal gətirən sahə məntiqdir:
"Məktəblərdə məntiq fənninin tədris edilməməsi, yəni şagirdlərin məntiq bazasının olmaması, onlara tədris müddətindən daha çox ali təhsil müəssisələrində və magistratura imtahanı verən zaman lazım olur. Dövlət İmtahan Mərkəzi magistratura imtahanlarını keçirdiyi zaman təkcə 100 ballıq şkaladan 50 sual məntiqi bilgilərinin öyrənilməsinə, 25 sual informatikanın öyrənilməsinə və 20 sual da xarici dillərlə bağlı imtahan suallarından gələn qiymətləndirmədir, 5 ballıq isə xarici dildə yazılmış essedir.
Bu, ümumi 100 baldan daha çox bal gətirən və nəticəni həll edən isə məntiqi bilgilərinin yoxlanmasıdır".
Həmsöhbətimiz əlavə edib ki, fənnin tədrisində bir sıra çatışmazlıqlar mövcuddur:
"Məktəblərdə məntiqlə bağlı tədris yoxdur. Ali təhsil müəssisələrində isə cəmi bir semestr məntiqi təfəkkürün yoxlanılması ilə bağlı tədris var. O da nə düzgün ədəbiyyat var, nə də fənnin tədrisi ilə məşğul olan mütəxəssislərimiz var".
Ekspert məsələnin həlli üçün tədbir görülməli olduğunu diqqətə çatdırıb:
"Düşünürəm ki, burada bir uyğunsuzluq var və aradan qaldırılması üçün hansısa tədbirlər planı görülməlidir".
Arzu İbrəhimova



