Hər il yüzlərlə, minlərlə şagird müxtəlif səbəblərdən təhsilini tam başa vura bilmir.
Açıqlanan rəsmi rəqəmlərdən də bunu görmək mümkündür. İllər boyunca çəkilən əziyyət şagirdlərin bəziləri məzun ola bilmir. Üstəlik, onların sayları yüzlərlə, hətta minlərlə olur. Bu vəziyyətin arxasında həm sosial-iqtisadi, həm təhsil sistemi ilə bağlı, həm də fərdi amillərin bir-birini gücləndirən təsiri dayanır.
Təhsil eksperti İlqar Orucov Hit.az-a açıqlamasında deyib ki, şagirdlərin məktəbi başa vurmamasının səbəbləri müxtəlifdir:

“Problemi təkcə fərdi uğursuzluq kimi deyil, həm də cəmiyyətin və təhsil sisteminin müxtəlif səviyyələrindəki sistem xətası kimi qiymətləndirmək olar. Ailənin maddi ehtiyacları səbəbindən uşaqların erkən yaşda əmək bazarına, kənd təsərrüfatı, xidmət sektoru və digər sahələrə cəlb olunması halları müşahidə olunur. Bəzi ailələr uşaqlarının yanında olmasını istəsələr də, maddi çətinliklər onların təhsildən uzaqlaşmasına səbəb olur. Halbuki təhsillərini davam etdirən uşaqlar gələcəkdə daha yaxşı mütəxəssis ola bilərlər”.
Ekspert onu da əlavə edib ki, məktəbdaxili amillər də mühüm rol oynayır:
“Tədris proqramlarının rəqabətqabiliyyətli və standartlaşdırılmış olması bəzi şagirdlərdə akademik uğursuzluq hissi yaradır. Qiymətləndirmə sistemi və fərdi yanaşmanın zəifliyi də şagirdlərin təhsil prosesindən uzaqlaşmasına səbəb ola bilər. Eyni zamanda, erkən nikahlar qız uşaqlarının təhsilini yarımçıq qoymasına gətirib çıxarır.
Bu istiqamətdə dövlət tərəfindən müəyyən tədbirlər görülür. Risk qrupunda olan, davamiyyəti zəif və sosial durumu aşağı olan uşaqlar üçün rəqəmsal reyestr yaradılmalıdır. Bu uşaqlara təhsil ləvazimatları və təqaüdlər verilməsi təmin edilməlidir”.
Günel Cəlilova


