“Azərbaycanda təhsil və elm sistemi sanki növbəti keçid dövrünü yaşayır”.
Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu da son illərdə süni intellektlə bağlı işlərin sürətlənməsi, yeni istiqamətlərin yaranması ilə bağlıdır:
“Rəqəmsallaşma, süni intellekt tədricən təhsil və elm bu müstəvisinə də keçir. Yeni şərait yaranır, yeni şərt və perspektivlər gənclərin qarşısında açılır. Ona görə də gənclər bu yeni şəraitə uyğunlaşmaq üçün müəyyən bir düşünmə mərhələsinə qədəm qoyurlar. Bəlkə də son zamanlarda magistraturaya marağın azalması bununla bağlı ola bilər”.
Ekspert qeyd edib ki, artıq sistem dəyişib:
“Əvvəl hər kəs magistraturanı oxuyandan sonra ardıcıl şəkildə nələr edəcəyini bilirdi. Ancaq indiki şəraitdə bir qədər fərqli yanaşma var. Gənclər yeni situasiyanı və yeni şəraiti öyrənirlər. Məsələnin bir tərəfi də bundan ibarətdir. Magistraturaya marağı azaldan digər səbəb isə iş problemi ilə bağlıdır.
Əslində, magistratura oxuyanların bir hissəsi daha yüksək səviyyəli işlərdə çalışmaq istəyənlərdir. Lakin bəzi gənclər də maddi problemlər olduğu üçün təhsillərini davam etdirməyə dəyməyəcəyini düşünürlər. Yəni sonra iş problemi yaşamamaq üçün bir iş tapmağı magistraturaya daxil olmaqdan daha üstün sayırlar”.
Akif Nağı Azərbaycanda “Təhsil haqqında” qanuna düzəlişlərin olunmasını təklif edib:
“Neçə vaxtdır Azərbaycanda “Təhsil haqqında” qanun Milli Məclisdə müzakirədədir. Çox ciddi təkliflər var və komissiya işləyir. Mətbuatda gedən məlumatlara görə, qanunda uyğunsuzluqlar mövcuddur. Məsələn, bizdəki “Təhsil haqqında” qanunla qonşu ölkələrdə fərqli yanaşmalar var. Xüsusilə Türkiyə və Avropa ilə ciddi fərqlərimiz var. Əsasən də təhsil pillələri ilə bağlı və elmi araşdırmaların aparılıb, elmi işlərin, dissertasiyaların müdafiə olunması ilə bağlı fərqli məsələlər mövcuddur”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycanda həm magistratura, həm də aspirantura, yəni iki dəfə müdafiə var:
“Həmçinin, fəlsəfə doktorluğu və elmlər doktorluğu da iki pilləlidir. Lakin demək olar ki, dünyanın heç bir yerində artıq belə sistem yoxdur. Çox sayda ölkədə sadəcə bir müdafiə var. Yəni magistraturanı bitirir, ondan sonra bir dəfə müdafiə edir. Hərçənd ki, bizdə magistraturanı bitirəndən sonra elmi ad almaq üçün iki pilləli mərhələdən keçmək lazımdır. Bu isə marağı azaldır”.
Partiya sədri Ali Attestasiya Komissiyası ilə bağlı da müəyyən tədqiqatçıların narahatçılıqları olduğunu söyləyib:
“Müdafiə edənlər üçün texniki problemlər və süni problemlər yaradılır. Hesab edirəm ki, bütün bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Çünki magistratura təhsilin pillələridir, bunlar Azərbaycan elmi üçün vacib məsələlərdir. Həmçinin, ölkənin və xalqın gələcəyini müəyyən edən məsələlərdir. Bu istiqamətdə ciddi düzəliş və islahatlara ehtiyac var”.
Elmir Mustafa


