“Maklerlik ixtisası” nələri dəyişəcək?

TƏHSİL
12:37 / 25.06.2026
189

Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənən son qərara əsasən, ali təhsildə ixtisas siyahısı genişləndirilib. 

Qərarla bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına yeni istiqamət əlavə olunub və “Daşınmaz əmlakın idarə olunması” ayrıca ixtisas kimi rəsmən tanınıb. Yəni “makler” olmaq istəyənlər üçün xüsusi ixtisas yaradılıb. 

Bəs bu ixtisas əmlak bazarında nələri dəyişəcək?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki, bu sahənin universitetlərdə ayrıca ixtisas kimi tədris olunması əmək bazarının real ehtiyaclarından irəli gəlir:

402792

“Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şəxslərin böyük hissəsi peşəkar təhsil almadan çalışdığından, bir sıra hallarda idarəetmə və xidmət keyfiyyəti ilə bağlı problemlər yaranır. Nəticədə həm vətəndaşlar, həm də biznes subyektləri əlavə risklərlə qarşılaşırlar. Akademik bilik və praktiki hazırlığa malik mütəxəssislərin yetişdirilməsi bu çatışmazlığın aradan qaldırılmasına kömək edə bilər”.

Ekspert hesab edir ki, bu yenilik daşınmaz əmlak bazarının daha sistemli və müasir prinsiplərlə inkişaf etməsinə şərait yarada bilər: 

“Çünki söhbət təkcə mənzillərin alqı-satqısından getmir. Buraya yaşayış və qeyri-yaşayış obyektlərinin idarə olunması, əmlak investisiyalarının planlaşdırılması, bazar analizlərinin aparılması, əmlakın dəyərinin müəyyənləşdirilməsi və digər mühüm fəaliyyət istiqamətləri daxildir. Peşəkar təhsil görmüş kadrların artması sektorun daha sivil, şəffaf və rəqabətqabiliyyətli formalaşmasına müsbət təsir göstərə bilər”.

Günel Cəlilova

0