“1918-ci il iyunun 26-da əlahiddə Azərbaycan korpusunun yaradılması ilə ölkəmizin hərbi ənənələrinin əsası qoyulmuş oldu. Beləliklə, milli ordumuz formalaşmağa başladı”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, ozamankı müstəqil Azərbaycanın dövlətçilik kontekstində atdığı ən strateji addımlardan biri hesab olunmalıdır:
“Ordu formalaşması ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində çox ciddi addımlar atılmış oldu. Bir qədər sonra, sentyabr ayında Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanın yeni yaradılmış əlahiddə qoşunları, milli ordusu Bakını bolşevik və daşnakların işğalından azad etdi.
Sonrakı dönəmlərdə də olduqca gərgin bir dönəm ərzində Azərbaycanın müxtəlif bölgələrində dövlətçiliyin bərpa olunmasında və dövlət quruculuğunun təmin edilməsində ciddi rol oynadı. Həmçinin, ölkəmizin ilk hərbi kadrları formalaşmağa başladılar”.
Millət vəkili qeyd edib ki, hərbi sahədə Azərbaycan ordu ənənələri qoyuldu:
“Düzdür, sonradan Azərbaycan növbəti dəfə bolşevik Rusiyası tərəfindən işğal olundu, amma bu ənənələr artıq qoyulmuşdu. Elə Sovetlər dönəmində də, Ümumilli Lider Heydər Əliyevin uzaqgörənliklə atdığı addım sayəsində Azərbaycanda ali hərbi məktəb yaradıldı.
O ali hərbi məktəb də Azərbaycanın hərbi milli kadrlarının yetişdirilməsində mühüm rol oynadı. Hətta Azərbaycanın artıq müstəqilliyini bərpa etdiyi dönəmə və dövlətçiliyin möhkəmlənməsinə çox əhəmiyyətli töhfə verdi”.
Arzuxan Əlizadə vurğulayıb ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur:
“Azərbaycan Ordusu 2020-ci il 27 sentyabrda başlamış Vətən müharibəsi ilə torpaqlarımızı tam olaraq işğaldan azad etdi. Ondan sonra həyata keçirilən antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi də bərpa edildi.
Artıq biz 2020-ci ildən əvvəlki dövrdən bir qədər fərqli formatda 26 iyunu qeyd edirik. Sabah bizim milli ordumuzun yaranmasının növbəti ildönümüdür və mən fürsətdən istifadə edərək qəhrəman zabit və əsgərlərimizi, qalib Azərbaycan Ordusunu, eləcə də orduya mənsubluğu olan hər kəsi bu bayram münasibətilə təbrik edirəm”.
Siyasətçi vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması üçün Ordumuz güclü olmalıdır:
“Nə qədər güclüyüksə bir o qədər də dövlətçiliyimizin qorunması və təhlükəsizliyi təmin edilmiş olur. Təbii ki, 26 iyunun əhəmiyyəti kifayət qədər böyükdür, Azərbaycan dövlətçiliyinin formalaşmasında və Ordumuzun güclü olması ilə qürur duyuruq.
Yeni silahların alınması, yeni texnoloji üstünlüklərə malik olan müasir silahların Azərbaycan Ordusunun istifadəsinə verilməsi də artıq bir ənənə halını alıb. Hər birimiz Azərbaycanın Silahlı Qüvvələri ilə qürur duyuruq”.
Elmir Mustafa



