Poliklinikaların dəhlizlərində saatlarla davam edən gözləmə artıq adi mənzərəyə çevrilib.
Həkim qəbulunu gözləyən insanlar günün böyük hissəsini növbədə keçirir, bəzi hallarda isə qəbul vaxtı həkimin iş saatının bitməsinə təsadüf edir. Problemin həlli üçün tətbiq edilən elektron növbə sistemi də vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişə bilməyib.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, hazırda icbari tibbi sığorta sistemində ən çox müzakirə olunan məsələlərdən biri həkim qəbulunun əvvəlcədən təyin edilməsi – yəni “randevu” mexanizminin tam səmərəli işləməməsidir:

“Bir çox vətəndaş növbə götürmək və ya qəbul vaxtını gözləmək əvəzinə birbaşa xəstəxanalara müraciət edir. Bu isə gün ərzində pasiyent axınının kəskin artmasına, qəbul şöbələrində uzun növbələrin yaranmasına və həkimlərin həddindən artıq yüklənməsinə səbəb olur. Nəticədə nə vətəndaş vaxtında tibbi xidmət ala bilir, nə də tibb müəssisələri bu qədər müraciəti qısa müddətdə qarşılamaq imkanına malik olur”.
Həmsöhbətimizin dediyinə görə, mövcud infrastruktur və kadr resursları nəzərə alındıqda, bu qədər sıxlığın idarə olunması kifayət qədər çətinləşir və nəticədə göstərilən xidmətin keyfiyyəti ilə bağlı narazılıqlar artır.
Günel Cəlilova


