ABŞ-İran müharibəsi yenidən başlayır? - BU TARİXDƏ...

DÜNYA
13:06 / 29.06.2026
310

“ABŞ ilə İran arasında hibrid müharibə gedir və müxtəlif istiqamətlərdə fərqli metodlardan istifadə olunur”. 

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, burada həm hərbi əməliyyatlar yer alır, həm vaxtaşırı bir-birinin üzərinə diplomatik həmlələr təşkil edirlər, həm də informasiya müharibəsi gedir:


“Yəni bu hibrid müharibə müxtəlif istiqamətlərdə davam edir. Ona görə də bu müharibənin bitməsindən danışmaq üçün həddindən artıq tezdir. Ümumiyyətlə, klassik müharibələr iki halda bitir. Birincisi, döyüş meydanında tərəflərdən biri tam qələbəyə nail olur, əks tərəf isə məğlubiyyətini etiraf edir. 

İkinci isə məğlub tərəf birmənalı şəkildə kapitulyasiya aktına imza atır. Əslində, klassik müharibənin bitməsi də çox çətindir. Bəzən illərlə davam edir, bitirmək mümkün olmur. İranla ABŞ arasında bir neçə istiqamətdə gedən hibrid müharibənin də dayandırılmasının çətin olacağını düşünürəm”.

Siyasətçi qeyd edib ki, ABŞ-İran müharibəsi başlayanda hər iki tərəfin hədəfləri var idi:
“ABŞ İranı tam nəzarətə götürmək istəyirdi. Eyni zamanda, İrandakı siyasi rejimi özünə uyğun hala gətirmək və adıçəkilən ölkənin neft-qaz ehtiyatlarına nəzarət etməyi hədəfləyirdi. İran isə nüvə tədqiqatlarını davam etdirmək, nüvə dövlətinə çevrilmək, neft-qaz ilə bağlı sanksiyalardan xilas olmaq və dondurulmuş aktivlərinin bərpasına çalışırdı. İndiki vəziyyətdə isə tərəflər hədəflərinə yaxınlaşmayıblar. Ancaq kəşfiyyat xarakterli savaş davam edir. Bir-birinin qüvvələrini yoxlayır və vaxtaşırı zərbə vururlar”.

Ekspertin sözlərinə görə, hazırda keçirilən futbol üzrə Dünya Çempionatı da müharibəyə təsir edir:
“Yəni ABŞ öz ərazisində keçirilən Dünya Çempionatını da nəzərə alaraq addımlar atır. Bu səbəbdən birbaşa əməliyyatlardan qaçır. Lakin payıza yaxın yenidən İrana qarşı hərbi əməliyyatlar başlaya bilər. O zaman hər kəs öz hədəflərinə çatmağa yenidən cəhd göstərəcək. Hesab edirəm ki, bu ilin sonuna qədər hər iki tərəf öz məqsədlərinə çatmağa çalışacaq”.

Partiya sədri bir daha diqqətə çatdırıb ki, ABŞ ilə İran arasında hərbi əməliyyatların bərpa olunma ehtimalı çoxdur:
“Amerikanın müttəfiqi olan İsraili də nəzərə almaq lazımdır. Hansı ki, ABŞ daxilində və yaxud İsraildə bu müharibənin gedişatı ilə fərqli mövqe var. Eyni zamanda İranın daxilində də fərqli mövqelərin olduğu görünür. Orada isə zaman-zaman SEPAH, parlament və prezident arasında vahid mövqeyin olmadığı müşahidə olunur. Yəni bütün bunlar hərbi əməliyyatların yenidən başlama ehtimallarını artırır”.

Elmir Mustafa

0