Dəri xərçəngi xəbərdarlığı: Temperatur yüksəlir, risk artır!

SAĞLAMLIQ
23:53 / 24.06.2026
46

Yay aylarında günəş şüalarının intensivləşməsi dəri sağlamlığı üçün ciddi risklər yaradır. Günəşə qorunmadan məruz qalmaq uzunmüddətli perspektivdə dəri xərçəngi riskini artıra bilər. Mütəxəssislər xüsusilə risk qrupuna daxil olan şəxslərin daha diqqətli olmasının vacibliyini vurğulayırlar.

HİT.az xəbər verir ki, havanın temperaturunun yüksəlməsi ilə günəşin zərərli təsirləri daha qabarıq şəkildə hiss olunur. Günəş altında uzun müddət qorunmasız qalmaq yalnız yanıq və ya ləkələrin yaranmasına deyil, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, dəridə yaranan kiçik dəyişikliklərin belə erkən mərhələdə aşkarlanması xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Dermatoloq Səlim Murad Ürər bildirib ki, yay aylarında artan günəş şüaları dəri sağlamlığı üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, günəşə qorunmadan çıxmaq yalnız yanıq və piqment ləkələrinin yaranmasına səbəb olmur, həm də uzunmüddətli dövrdə dəri xərçəngi riskini artırır.

Mütəxəssislər qeyd edirlər ki, dəri xərçəngi erkən aşkar edildikdə həm qarşısını almaq, həm də effektiv müalicə etmək mümkündür. Buna görə də dəridə baş verən dəyişikliklərə laqeyd yanaşmaq olmaz.

Günəşdən qorunmaq həyati əhəmiyyət daşıyır. Xüsusilə günorta saatlarında uzun müddət günəş altında qalmamaq, kölgədə dayanmaq, açıq rəngli və qoruyucu geyimlər seçmək tövsiyə olunur. Həmçinin papaq və gün eynəyindən istifadə edilməsinin vacibliyi vurğulanır.

Bədənin açıq qalan hissələrinə isə yüksək qoruma faktorlu günəş kremləri mütəmadi şəkildə tətbiq olunmalıdır.

Risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdır. Açıq dərili insanlar, ailəsində dəri xərçəngi olanlar, bədənində çoxsaylı xalları olanlar, uşaqlar, yaşlılar və açıq havada çalışan şəxslər mütəmadi tibbi müayinədən keçməlidirlər. Xallarda müşahidə edilən dəyişikliklər mühüm xəbərdarlıq siqnalı hesab olunur.

Xalın böyüməsi, rənginin dəyişməsi, kənarlarının qeyri-müntəzəm formaya düşməsi, qanama, qaşınma və ya qabıqlanma hallarında vaxt itirmədən dermatoloqa müraciət etmək lazımdır.

“Günəş şüalarının ən dik düşdüyü saatlarda çölə çıxmayın və qoruyucu tədbirləri laqeyd yanaşmayın”, deyə Səlim Murad Ürər bildirib və vurğulayıb ki, məlumatlılıq və erkən diaqnostika insan həyatını xilas edə bilər.

Samir
 

0