İnsan orqanizmində təxminən 350 oynaq var və onların yalnız bir neçəsində iltihabın yaranması belə həyat keyfiyyətini ciddi şəkildə pisləşdirə bilər. Əllərdəki oynaq ağrıları yazmağı və kompüterdə işləməyi çətinləşdirir, bel, diz və ayaqlardakı ağrılar isə hətta qısa məsafə qət etməyi belə əziyyətə çevirə bilər.
Hit.az xəbər verir ki, bir çox hallarda bu ağrıların səbəbi artrit – oynaqların iltihabi xəstəliyidir. Nyu-Yorkda fəaliyyət göstərən revmatoloq, “Association of Women in Rheumatology” təşkilatının təsisçisi və prezidenti Qreys Rayt “HuffPost” nəşrinə bildirib ki, artritin müxtəlif növləri mövcuddur və onların yaranma səbəbləri fərqlidir.
Ən geniş yayılmış formalardan biri revmatoid artritdir. Bu xroniki iltihabi xəstəlik ilk növbədə əl və ayaq barmaqlarının kiçik oynaqlarında ağrı yaradır, zaman keçdikcə isə topuq, diz, bud-çanaq və çiyin oynaqlarına da yayıla bilər.
Meksikanın Tixuana şəhərində yerləşən “Oasis of Hope” Tibb İnstitutunun direktoru Fransisko Kontrerasın sözlərinə görə, artritin erkən əlamətlərinin vaxtında aşkarlanması müalicə baxımından böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, davamlı ağrı, sərtlik, toxunduqda həssaslıq, şişkinlik, hərəkət məhdudluğu, yorğunluq, halsızlıq və səhərlər oynaqlarda sərtlik hissi xəstəliyin ilkin əlamətləri ola bilər.
Həkimlər qeyd edirlər ki, pəhrizin dəyişdirilməsi artritin bütün növlərində təsirli olmasa da, revmatoid artrit və podaqra zamanı iltihabın azalmasına kömək edə bilər.
Revmatoloqlar simptomların şiddətlənməsinə səbəb ola biləcək beş əsas qida və içki kateqoriyasını sadalayıblar.
Ultra emal olunmuş qidalar və içkilər
Fransisko Kontreras bildirir ki, ultra emal olunmuş məhsullar oynaq ağrılarını və iltihabı gücləndirə bilər. Belə məhsullar adətən rafinə edilmiş karbohidratlar, zərərli yağlar, əlavə şəkər və süni qatqılarla zəngin olur ki, bunlar da orqanizmdə iltihabi prosesləri stimullaşdırır.
Araşdırmalar göstərir ki, şəkərin çox olduğu qidalanma revmatoid artritin əlamətlərini ağırlaşdıra bilər. Buna görə qazlı içkilər, sənaye üsulu ilə hazırlanmış şirniyyatlar və digər ultra emal olunmuş məhsulların məhdudlaşdırılması faydalı ola bilər.
Hisə verilmiş və emal olunmuş ət məhsulları
Qreys Raytın sözlərinə görə, bekon, kolbasa, sosiska və vetçina kimi məhsullar həm revmatoid artritin, həm də podaqranın gedişini ağırlaşdıra bilər.
Bunun səbəbi bu məhsullarda konservant kimi istifadə olunan nitratlardır. Nitratlar da şəkər kimi iltihabi reaksiyaları gücləndirə və zamanla oynaq ağrılarını artıra bilər.
Mütəxəssis vurğulayır ki, bu təsir dərhal yaranmır. Emal olunmuş ət məhsullarının uzun müddət və müntəzəm istifadəsi illər sonra problemlərə səbəb ola bilər. Buna görə də onlardan imtina etməyin nəticəsi dərhal hiss olunmasa da, uzunmüddətli dövrdə faydası görünə bilər.
Qızardılmış qidalar
Kartof fri, qızardılmış toyuq və digər oxşar qidalar iltihabi prosesləri gücləndirə bilər. Bunun əsas səbəbi qızartma zamanı istifadə olunan yağlardır.
Trans yağlarla zəngin qidalar xüsusilə podaqra zamanı iltihabın artmasına və simptomların ağırlaşmasına səbəb ola bilər.
Qluten (bəzi insanlar üçün)
Mütəxəssislər bildirirlər ki, qlutenin rasiondan çıxarılması yalnız çölyak xəstəliyi və ya qlutenə həssaslığı olan şəxslərdə faydalı ola bilər.
Qreys Rayt qeyd edir ki, bəzi insanlarda çölyak xəstəliyi olmasa belə, qlutenə həssaslıq müşahidə edilir. Buna görə də üç ay ərzində qlutensiz qidalanmanı sınaqdan keçirmək olar. Əgər heç bir fərq hiss olunmazsa, qluten yenidən rasiona qaytarıla bilər.
Alkoqol
Las-Veqasdakı “Intermountain Health” tibb şəbəkəsinin revmatoloqu Sonya Mehtanın sözlərinə görə, alkoqol müxtəlif yollarla iltihabı gücləndirə bilər.
Alkoqolun parçalanması zamanı iltihabı artıran maddələr əmələ gəlir. Bundan başqa, o, bağırsaq mikroflorasının balansını pozaraq iltihabəleyhinə bakteriyaların azalmasına, iltihabı artıran bakteriyaların isə çoxalmasına səbəb ola bilər.
Həmçinin alkoqol orqanizmi susuzlaşdırır. Bu isə oynaqların hərəkətini asanlaşdıran sinovial mayenin azalmasına gətirib çıxara bilər.
Nə yemək tövsiyə olunur?
Həkimlər iltihabi artrit zamanı iltihabəleyhinə qidalanma modelini məsləhət görürlər.
Bu qidalanmaya yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq, omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqlar (qızılbalıq, skumbriya, tunes və sardina), həmçinin antioksidantlarla zəngin giləmeyvələr və portağal kimi meyvələr daxildir.
Qreys Rayt və Sonya Mehta Aralıq dənizi pəhrizini də ən uyğun qidalanma modellərindən biri hesab edirlər. Bu pəhriz tam taxıllar, tərəvəzlər, balıq və az emal olunmuş məhsullara üstünlük verir, qırmızı ət və emal olunmuş qidaların istehlakını isə minimuma endirir.
Araşdırmalar göstərir ki, Aralıq dənizi pəhrizi revmatoid artritin simptomlarının yüngülləşməsinə kömək edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, iltihabəleyhinə qidalanma yalnız oynaq sağlamlığı üçün deyil, həm də ürək-damar xəstəlikləri, 2-ci tip diabet, Altsheymer xəstəliyi və bəzi xərçəng növlərinin riskinin azaldılması baxımından faydalıdır.
Samir


