Evlərin söküntüsü zamanı kompensasiya necə hesablanmalıdır?

SOSİAL
11:21 / 01.07.2026
203

Son illər müxtəlif ərazilərdə həyata keçirilən yenidənqurma və abadlıq işləri çərçivəsində yaşayış evlərinin sökülməsi prosesi davam edir. 

Bu prosesdə mülkiyyətçilərə verilən kompensasiyanın məbləği isə tez-tez narazılıqlara səbəb olur. Vətəndaşlar bildirirlər ki, təklif olunan ödənişlə eyni xüsusiyyətlərə malik yeni mənzil almaq mümkün olmur və ödənişlər əmlakın faktiki dəyərini əks etdirmir.

Bəs söküntü zamanı kompensasiyanın məbləği hansı meyarlar əsasında müəyyən edilir?

Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, söküntü layihələrində kompensasiya məbləğinin formalaşdırılması sifarişçidən və layihənin xüsusiyyətindən asılı olaraq dəyişir: 

403255

“Dövlətin həyata keçirdiyi bəzi layihələrdə ödənişlər əvvəlcədən təsdiqlənmiş tariflər üzrə hesablanır. Özəl tikinti şirkətləri isə layihənin xərclərini azaltmaq məqsədilə mülkiyyətçilərlə daha aşağı məbləğ üzərində razılığa gəlməyə çalışırlar. Bu yanaşmanın əsas məqsədi layihənin maliyyə yükünü minimuma endirməkdir”.

Mütəxəssis qeyd edib ki, ən çox çətinlik isə mülkiyyət hüququ tam rəsmiləşdirilməmiş evlərlə bağlı yaranır:

“Belə daşınmaz əmlaklarda kompensasiya məbləği ilə bağlı fikir ayrılıqları daha tez-tez müşahidə olunur. Kompensasiya vahid tariflə deyil, hər bir daşınmaz əmlakın fərdi xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Qiymətləndirmə zamanı əmlakın yerləşdiyi ərazi, bazardakı satış dəyəri, tikilinin texniki vəziyyəti, təmir səviyyəsi və digər qiymətə təsir edən amillər əsas götürülməlidir. Bu yanaşma həm mülkiyyətçinin hüquqlarının qorunmasına, həm də daha ədalətli kompensasiya mexanizminin formalaşmasına imkan yaradar”.

Günel Cəlilova

0