Plastik tullantıların yol tikintisində istifadəsi həm asfaltın davamlılığını artırmaq, həm də ətraf mühitin çirklənməsini azaltmaq üçün yeni imkanlar yarada bilər. ABŞ alimlərinin apardığı laboratoriya sınaqları plastik əlavə edilmiş asfaltın adi asfaltla müqayisədə daha az hissəcik yaydığını üzə çıxarıb.
HİT.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin (Penn State) tədqiqatçıları təkrar emal edilmiş plastikdən hazırlanan asfalt örtüklərinin ekoloji təsirlərini araşdırıblar.
Araşdırmada qablaşdırma materiallarının istehsalında geniş istifadə olunan aşağı sıxlıqlı polietilen (LDPE) asfalt qarışığına əlavə edilib. Nəticələr göstərib ki, plastik qatqılı asfalt adi asfaltla müqayisədə 56,5 faiz daha az plastikə bənzər hissəcik buraxır.
Tədqiqatçılar sınaqlar zamanı real yol şəraitini modelləşdirmək üçün Hamburq təkər izi testindən istifadə ediblər. Asfalt nümunələri isti suya yerləşdirilib və üzərindən dəfələrlə ağırlıqlı təkərlər keçirilib. Daha sonra suda toplanan mikroplastikə bənzər hissəciklər təhlil olunub.
Geri dönüştürülmüş plastiklə modifikasiya edilmiş asfalt (RPMA) adlanan bu texnologiya plastik tullantıların asfalt qarışığına əlavə edilməsinə əsaslanır. Metodun əsas məqsədi plastiklərin möhkəmliyindən istifadə etməklə yol örtüyünün istismar müddətini uzatmaq və çuxurların yaranmasını azaltmaqdır.
Bununla belə, alimlər əldə olunan nəticələrin hələlik yalnız laboratoriya şəraitində təsdiqləndiyini vurğulayırlar. Real yollarda nəqliyyatın intensivliyi, temperatur dəyişiklikləri və uzunmüddətli aşınma fərqli nəticələrə səbəb ola bilər. Bu baxımdan Texasda başlanılan sınaqların nəticələri xüsusi əhəmiyyət daşıyır.
Tədqiqatın uğurlu nəticələri təsdiqlənərsə, texnologiya həm plastik tullantıların təkrar istifadəsinə, həm də yol örtüklərinin aşınması nəticəsində ətraf mühitə yayılan hissəciklərin azalmasına töhfə verə bilər.
Mikroplastiklərin su hövzələrinə qarışması, quşlar və dəniz canlıları tərəfindən udulması ekoloji problemlərdən biri hesab olunur. Buna görə də plastik tullantıların daha səmərəli təkrar emalı və onların ətraf mühitə təsirinin azaldılması istiqamətində yeni texnologiyaların tətbiqi getdikcə aktuallaşır.
Samir


