Düzgün seçilmiş səhər yeməyi gün ərzində aclıq hissini azaltmağa, iştahanı nəzarətdə saxlamağa və artıq qida qəbulunun qarşısını almağa kömək edir.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və diuetoloq Yelena Ustinova “Gazeta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, uzun müddət tox qalmaq üçün səhər yeməyində zülal, lif və az miqdarda yağ olmalıdır. Zülal daha gec həzm olunduğundan iştahanın idarə edilməsinə kömək edir, lif isə qidanın həcmini artıraraq toxluq hissini uzadır. Tam taxıllı məhsullar da ağ çörək və emal olunmuş yarmalarla müqayisədə daha yaxşı toxluq yaradır.
Ustinova səhər yeməyi üçün ən uyğun seçimlərdən biri kimi yulaf və qarabaşaq sıyığını göstərib. Onun sözlərinə görə, bu qidaları süd, təbii qatıq və ya kəsmiklə birlikdə qəbul etmək zülal miqdarını artırır. Yeməyə giləmeyvə, meyvə, az miqdarda qoz-fındıq və ya toxum da əlavə etmək olar.
Digər faydalı seçim isə tərəvəzlərlə hazırlanmış yumurta yeməkləridir. Omlet, qayğanaq və ya qaynadılmış yumurtanı pomidor, göyərti, şirin bibər və bir dilim tam taxıllı çörəklə yemək tövsiyə olunur. Bununla belə, həkim hər gün səhər yeməyinə çoxlu pendir, kolbasa və bekon əlavə etməyin düzgün olmadığını vurğulayıb.
Diyetoloq şəkərsiz təbii qatıq və kəsmiyi də uyğun səhər yeməyi hesab edir. Bunları meyvə, giləmeyvə və toxumlarla zənginləşdirmək mümkündür. Lakin hazır məhsul alarkən təkcə yağlılıq dərəcəsinə deyil, tərkibindəki şəkərin miqdarına da diqqət yetirilməlidir.
Şirin olmayan səhər yeməyinə üstünlük verənlərə isə tam taxıllı çörək üzərində sobada bişirilmiş toyuq əti, balıq, yumurta, kəsmik pendiri və ya humus, eləcə də tərəvəzlər tövsiyə olunur.
Ustinova şirin səhər yeməyi lopalarını, şirniyyatları, peçenyeləri, şirəni və siroplu qəhvəni isə daha az uğurlu seçimlər sırasında qeyd edib. Bu məhsullarda zülal və lifin az olması səbəbindən yeməkdən qısa müddət sonra yenidən aclıq yarana bilər.
Həkim sonda bildirib ki, uzunmüddətli toxluğun əsas şərti yalnız bir faydalı məhsul seçmək deyil, zülal, tam taxıllı qidalar və tərəvəzləri ölçülü miqdarda sağlam yağlarla düzgün birləşdirməkdir.
Samir


