Artıq münasibətlərə də süni intellekt QƏRAR VERİR

SOSİAL
13:53 / 01.07.2026
258

“Süni intellekt həyatımızın bir çox sahəsinə daxil olduğu kimi artıq münasibətlərin də bir hissəsinə çevrilməyə başlayıb”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insanlar sevgiləri, ayrılıqları, tərəddüdləri və qərarları ilə bağlı süni intellektdən məsləhət alır, yazışmalarını analiz etdirir, qarşı tərəfin davranışlarını şərh etdirməyə çalışırlar:


“Hətta bəzən verilən cavablara əsaslanaraq münasibəti davam etdirmək və ya bitirmək kimi mühüm qərarlar verirlər. Bu vəziyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, süni intellekt emosiyaların təsiri altında qərar vermir. 

O, hadisələrə daha sistemli yanaşa, ünsiyyətdəki bəzi sağlam və ya problemli nümunələri göstərərək insanın fərqli baxış bucağı qazanmasına kömək edə bilər. Xüsusilə emosional gərginlik zamanı insanın düşüncələrini toplamasına və özünü ifadə etməsinə dəstək ola bilər. Lakin münasibətlər yalnız məntiqdən ibarət deyil”.

Psixoloq vurğulayıb ki, sevgi, güvən, bağlanma, ortaq xatirələr, tərəflərin xarakteri, həyat təcrübəsi və hissləri heç bir alqoritm tərəfindən tam şəkildə dəyərləndirilə bilməz:
“Süni intellekt yalnız ona təqdim edilən məlumat əsasında cavab verir. Əgər məlumat birtərəflidirsə, nəticə də tam mənzərəni əks etdirməyə bilər.

Psixoloji baxımdan təhlükəli məqam isə odur ki, bəzi insanlar zamanla öz daxili hisslərinə və mühakimələrinə deyil, yalnız süni intellektin cavablarına güvənməyə başlayırlar. Bu isə qərarvermə məsuliyyətini başqasına ötürmək, öz intuisiyasından uzaqlaşmaq və emosional asılılıq yaratmaq riski daşıyır. Sağlam münasibətlər dialoq, empatiya və qarşılıqlı anlaşma üzərində qurulur”.

Həmsöhbətimiz qeyd edib ki, süni intellekt düşünmək üçün alternativ baxış təqdim edə, suallar verməyə və vəziyyəti analiz etməyə kömək edə bilər: 
“Lakin o, tərəflərin yerinə hiss edə, münasibətin bütün görünməyən tərəflərini görə və son qərarı verməli olan şəxs ola bilməz. Münasibətlə bağlı ən doğru qərarlar yalnız texnologiyanın deyil, həm də insanın öz dəyərləri, hissləri, sağlam ünsiyyəti və lazım gəldikdə peşəkar psixoloji dəstəklə birlikdə qiymətləndirildikdə daha sağlam olur. 

Yəni süni intellekt bələdçi ola bilər amma münasibətin taleyini müəyyən edən tərəf olmamalıdır. Hər bir şəxsin psixoloqa müraciət edərək daha düzgün baxış bucağı əldə etməsi mümkündür. Özünü və qarşısındakı insanı tanıyaraq sevgi anlayışını formalaşdıra bilər”.

Pərviz

0