Tiktokerləri niyə “qəhrəman” edirik?

SOSİAL
13:05 / 06.07.2026
111

Son illər sosial şəbəkələrin, xüsusilə TikTok platformasının sürətlə populyarlaşması cəmiyyətin informasiya alma və nümunə seçmə vərdişlərini də dəyişib. 

Əvvəllər insanlar elm adamlarını, ziyalıları, müəllimləri, həkimləri, yazıçıları və ya ictimai xadimləri örnək hesab edirdilərsə, indi milyonlarla baxış toplayan tiktokerlər çox vaxt daha böyük diqqət və etibar qazanırlar. Onların gündəlik həyatı, şəxsi fikirləri, hətta məsləhətləri belə geniş auditoriya tərəfindən maraqla izlənilir.

Məlumdur ki, ötən həftə tiktoker “Arzum” həbs edilib. Onun həbsinə səbəb isə yol nəqliyyat hadisəsi törətməsi olub. Adıçəkilən titokerin həbsindən sonra sosial şəbəkələrdə geniş müzakirə yarandı. Onun həbsinə etirazlar edilir, kampaniyalar aparıldı, aparılır. “Arzum”un həbsində sonra yaranan müzakirələr bir daha göstərdi ki, cəmiyyətin bir qismi sosial media fenomenlərinə adi izləyici münasibəti göstərmir. Məhkəmə qərarına baxmayaraq, bəzi istifadəçilər onu “qəhrəman”, “haqsızlığa məruz qalan şəxs” kimi təqdim edir, azadlığa buraxılması üçün çağırışlar edir, ona emosional dəstək nümayiş etdirirlər.

Təəssüf ki, bəzi hallarda isə izləyicilər tiktokerlərin uğur hekayələrini öz həyatlarına nümunə kimi qəbul edirlər. Bahalı avtomobillər, dəbdəbəli evlər, xarici səfərlər və yüksək gəlir nümayiş etdirən paylaşımlar xüsusilə gənclərdə “uğurun sirri budur” düşüncəsini yaradır və onlar da eyni həyatı yaşamaq istəyir. Halbuki sosial şəbəkələrdə göstərilən həyat hər zaman reallığı əks etdirmir. 

Bu tendensiya bir daha göstərir ki, cəmiyyətin media savadlılığının artırılmasına, düşüncə tərzinin dəyişdirilməsinə ehtiyac var. Çünki milyonlarla izləyicisi olan hər kəs örnək və ya qəhrəman sayılmamalıdır. Populyarlıq insanın məsuliyyətini aradan qaldırmır və qanun qarşısında heç kimə üstünlük vermir. 

Günel Cəlilova

0