Yay mövsümü istirahət və səyahət planlarının ən çox reallaşdırıldığı dövr hesab olunur.
Günəşli hava, açıq səma və təbiətin ən gözəl çağını yaşaması insanların bu aylarda dənizkənarı və dağlıq ərazilərə üz tutmasına səbəb olur. Yay fəsli ənənəvi olaraq məzuniyyət dövrü hesab edilir. Təhsil müəssisələrində dərslər başa çatır, bir çox müəssisədə əməkdaşlar illik məzuniyyətlərini məhz bu aylara planlaşdırırlar. Dənizkənarı istirahət məkanları, kurortlar və turizm bölgələri bu səbəbdən ən çox ziyarətçi qəbul etdiyi dövrünü yaşayır.
Lakin geniş seçim imkanları ilə yanaşı, yay mövsümü müəyyən çətinlikləri də özü ilə gətirir. Tələbatın artması səbəbindən aviabiletlərin, hotellərin və digər turizm xidmətlərinin qiyməti yüksəlir. Populyar istiqamətlərdə yaranan izdiham isə sakit və rahat istirahət arzulayanların gözləntilərini hər zaman doğrultmur.
Məhz buna görə də son illər məzuniyyətini yaydan sonraya saxlayanların sayı artır. Bir çox insan turist axınının azaldığı, qiymətlərin sabitləşdiyi və gündəlik həyatın nisbətən sakitləşdiyi payızın ilk aylarını və ya yaz mövsümünü seçməyə üstünlük verir. Bu dövrdə həm daha rahat səyahət etmək, həm də istirahətdən daha çox zövq almaq mümkün olur.
Onu da bildirək ki, turizm sektorunda "shoulder season" adlandırılan yaz və payız aralığı da məhz bu üstünlüklərinə görə diqqət çəkir. Havanın əlverişli keçməsi ilə yanaşı, məşhur turizm məkanlarında sıxlıq əhəmiyyətli dərəcədə azalır. Xüsusilə sentyabr ayında Avropanın bir çox istiqamətində həm çimərlik mövsümü davam edir, həm də şəhərləri izdihamsız gəzmək imkanı yaranır.
Bu səbəbdən də məzuniyyət üçün ideal vaxtı müəyyənləşdirərkən yalnız təqvimə deyil, şəxsi ehtiyaclara və məqsədə də diqqət yetirilməlidir. Əgər əsas məqsəd fiziki və psixoloji cəhətdən dincəlmək, eyni zamanda əlavə xərclərdən yayınmaqdırsa, pik mövsümdən kənar dövrdə məzuniyyətə çıxmaq daha uğurlu seçim hesab oluna bilər.
Günel Cəlilova

