“Endirimli Pensiyaçı Günləri” kampaniyası başlayır

SOSİAL
14:56 / 13.07.2026
121

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) həyata keçirdiyi Sosial Tərəfdaş layihəsi çərçivəsində iyulun 20-dən 25-dək "Endirimli Pensiyaçı Günləri" kampaniyası təşkil olunacaq.

Bu barədə Hit.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində pensiya və sosial ödəniş alan vətəndaşlar üçün tətbiq edilən güzəştlərin əhatə dairəsi genişləndirilir. Artıq "Bravo" supermarketlər şəbəkəsinin Koroğlu hipermarketində də pensiyaçılar üçün xüsusi endirimlər tətbiq edilir.

Kampaniya müddətində seçilmiş məhsullara 1 faizdən 35 faizədək endirimlər təqdim olunacaq.

Endirimlərdən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxslər, həmçinin müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, eləcə də qazilər, veteranlar və şəhid ailə üzvləri yararlana biləcəklər.

Güzəştdən istifadə etmək üçün vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməsi və tətbiqdə yerləşən Sosial Tərəfdaş barkodunu kassada təqdim etməsi kifayətdir. Bu halda endirim alış-veriş zamanı avtomatik tətbiq olunur.

Qeyd edək ki, Sosial Tərəfdaş layihəsi sosial ödəniş alan vətəndaşların gündəlik xərclərinin azaldılmasına dəstək məqsədi daşıyır və layihəyə qoşulan market, aptek və klinikaların sayı mütəmadi olaraq artır.

Ətraflı məlumatı “sosialterefdash.az” saytından əldə etmək və ya 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

0