Psixoloq: "Asudə vaxt beyni rahatlatmağın ən yaxşı yollarından biridir"

SOSİAL
18:59 / 14.07.2026
43

Psixoloq hesab edir ki, insan həftəlik qrafikində məqsədli şəkildə “heç nə etmədiyi” vaxt ayırmalıdır. Onun sözlərinə görə, bu, beyin üçün ən faydalı istirahət formalarından biridir. 

HİT.az xəbər verir ki, bu barədə psixologiya elmləri namizədi Yelena Şpaqina gazeta.ru-ya bildirib.

Mütəxəssisin sözlərinə görə, insanlar uşaqlıqdan onlara heç nə etməyin tənbəllik və məsuliyyətsizlik olduğu aşılanır. Halbuki psixoloji baxımdan fəaliyyətsizlik beynin istirahət etdiyi və daxili məlumatları emal etdiyi mühüm mərhələdir.

"Divara baxaraq oturduğunuzda, telefonsuz divanda uzandığınızda və ya qulaqcıqsız, müəyyən məqsəd olmadan gəzintiyə çıxdığınızda beyninizdə "passiv fəaliyyət rejimi şəbəkəsi" aktivləşir. Bu vəziyyətdə beyin kənardan informasiya qəbul etmir, əksinə, xatirələri çeşidləyir, emosiyaları emal edir, ilk baxışdan əlaqəsiz görünən hadisələr arasında gizli əlaqələr tapır və daxili "qarışıqlığı" nizama salır. Bu rejim olmadıqda koqnitiv yüklənmə yaranır – insan fikrini cəmləməkdə çətinlik çəkir, sadə şeyləri unudur və xırda məsələlərə görə əsəbiləşir. Buna görə də fəaliyyətsizlik dəbdəbə deyil, beynin əsas gigiyena qaydalarından biridir", deyə Şpaqina bildirib.

Psixoloqun fikrincə, əsas problem insanların özlərinə heç nə etməyə icazə verməməsidir. Çünki "boşa gedən vaxta" görə yaranan narahatlıq istirahət ehtiyacından daha güclü olur. Mütəxəssis bunun üçün "planlaşdırılmış fəaliyyətsizlik" üsulunu tətbiq etməyi tövsiyə edir.

Onun sözlərinə görə, həftədə iki saatı, mümkün qədər eyni gün və eyni vaxtda, yalnız istirahət üçün ayırmaq lazımdır. Həmin müddətdə işləmək, ev yığışdırmaq, elektron poçtu yoxlamaq, sosial şəbəkələrdə vaxt keçirmək, şəxsi inkişaf kitabları oxumaq və ya idmanla məşğul olmaq tövsiyə edilmir.

"Bu iki saat ərzində sadəcə heç nə etməyin. Yatın, tavana baxın, eyvanda oturun və ya parkda müəyyən marşrut olmadan gəzin. Əsas şərt odur ki, heç bir məhsuldar fəaliyyətlə məşğul olmayın və heç bir 'faydalı' məzmun istehlak etməyin", deyə psixoloq vurğulayıb.

Samir

0