Azərbaycanda yeni sistem: Çevik iş qrafiki nəyi dəyişəcək?

SOSİAL
22:17 / 20.07.2026
74

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı modelinin yaradılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Plana görə, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativlər hazırlanmalıdır.

Bu modelin həyata keçməsinin əsas icraçıları isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İqtisadiyyat Nazirliyi olacaq.

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli "Bakupost"a bildirib ki, burada söhbət 8 saatlıq iş rejimini saxlamaqla çevik iş qrafikinin tətbiq olunmasından gedir.

Ekspert hesab edir ki, büdcədən maliyyələşən təşkilatlarda bu sistem daha rahat tətbiq olunacaq:

“Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda hardasa 870 min insan çalışır. Ona görə də orada daha çevik iş saatı tətbiq etmək mümkündür. Bu da ən azından şəhərdə sıxlığın qarşısını almağa təsir göstərən bir amilə çevrilə bilər”.

N. Cəfərli qeyd edir ki, özəl sektorda isə məsələ fərqlidir:

“Burada çevik iş rejimini zorla tətbiq etmək mümkün deyil, yalnız təşviqlə mümkündür”.

Çevik qrafikin tətbiqi fonunda əsas problem həmsöhbətimizin fikrincə, valideyn və məktəblilərlə bağlı məsələ olacaq:

“Saat 8-də valideyn uşağı məktəbə qoyub, saat 9-da isə işdə olurdu. İndi iş saat 10-da başlasa, uşağı məktəbə necə aparacaq? Bunun üçün bir də evə qayıtmalı olacaq. O zaman məktəblərdə də çevik qrafiki valideynlərin qrafikinə uyğunlaşdırmaq lazımdır ki, bu da asan məsələ deyil. Amma bütün hallarda bu addım şəhərdə sıxlığın müəyyən mənada qarşısını almağa kömək edəcək”.

0