Hazırda psixoloji xidmətlərə kifayət qədər tələbət olsa da, bu xidmətlərin qiyməti bir çox vətəndaş üçün əlçatmaz olaraq qalır. Son günlər psixoloqların seans qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, bir seansın qiyməti minimum 50-100 manatdan başlayaraq 300 manata qədər artır.
Nəzərə alsaq ki, effektiv psixoloji müalicə üçün bir neçə seanslarda iştirak etmək lazım gəlir, bu, müntəzəm psixoloji dəstəyə ehtiyacı olan insanlar üçün ciddi maliyyə yükü yaradır. Vətəndaşlar üçün psixoloqa müraciət etmək hələ də lüks xidmət hesab olunur. Bəzi məhsul və xidmət sahələrində qiymətlərin tənzimlənməsi və ya həddinin müəyyən edilməsi mexanizmləri mövcud olsa da, psixoloji xidmətlərdə belə bir yanaşma yoxdur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirir ki, Azərbaycanda psixoloji xidmətlərin qiymətləri əsasən bazar prinsipləri əsasında formalaşır:
“Psixoloqlar və özəl mərkəzlər xidmət haqqını mütəxəssisin təcrübəsi, ixtisası, xidmətin növü, qəbulun müddəti və yerləşdiyi ərazi kimi amillərə uyğun müəyyən edirlər”.
Bəs bu xidmətləri daha əlçatan etmək üçün hansı addımlar atılmalıdır?
İqtisadçının sözlərinə görə, İcbari Tibbi Sığorta vasitəsilə bu sahədə müəyyən dəyişiklik etmək olar:
“Psixoloji xidmətlər üçün inzibati qaydada qiymət həddinin müəyyən edilməsi nəzəri baxımdan mümkün olsa da, praktikada bu, xidmət keyfiyyətinin aşağı düşməsi, təcrübəli mütəxəssislərin bazardan uzaqlaşması və qeyri-rəsmi xidmətlərin artması kimi risklər yarada bilər. Buna görə də bir çox ölkədə bu xidmətlərin qiymətinə birbaşa müdaxilə etməkdənsə, əlçatanlığı artıran maliyyə mexanizmlərinə üstünlük verilir.
Bu baxımdan psixoloji xidmətlərin icbari tibbi sığorta paketinə mərhələli şəkildə daxil edilməsi daha səmərəli yanaşma hesab oluna bilər. Belə mexanizm həm vətəndaşların maliyyə yükünü azalda, həm də psixi sağlamlıq xidmətlərinə müraciəti artıraraq erkən diaqnostika və müalicəni təşviq edə bilər”.
A.Nəsirlinin fikrincə, xüsusilə uşaqlar, yeniyetmələr və psixi sağlamlıq baxımından həssas qruplar üçün sığorta dəstəyi xidmətləri kömək edə bilər.
O, qeyd edir ki, belə modelin uğurlu tətbiqi üçün xidmət keyfiyyətinə nəzarət, mütəxəssislərin akkreditasiyası və maliyyələşdirmə mexanizmlərinin düzgün qurulması da vacib şərtlərdən biridir.


