ABŞ prezidenti Donald Tramp Kanada ilə bağlı sərt açıqlamalar verərək Ottavanı Vaşinqtondan asılılıqda ittiham edib və iki ölkə arasında ticarət danışıqlarının pozulmasından sonra Kanadaya təzyiqi artırıb.
HİT.az xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
ABŞ lideri Kanadanın Ontario əyalətinin baş naziri Duq Fordu və ölkənin baş naziri Mark Karnini tənqid edib. O, Karnini yenidən “qubernator” adlandıraraq Kanadanın ABŞ-dan asılı vəziyyətdə olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ onilliklər ərzində Kanadanı “öz çiynində daşıyıb”, lakin bu, bundan sonra davam etməyəcək.
“ABŞ həmişə Kanadadan daha böyük, zəngin və güclü olacaq”, deyə Tramp bildirib.
O, həmçinin Kanadanın enerji təminatında ABŞ-dan asılı olduğunu qeyd edib. Trampın sözlərinə görə, Kanadanın əldə etdiyi elektrik enerjisi, neft və qazın əhəmiyyətli hissəsi ABŞ ərazisindən nəql olunur.
ABŞ prezidenti Kanadadakı iqtisadi vəziyyəti də tənqid edib. O, ölkədə işsizliyin artdığını və bizneslərin ABŞ-a köçdüyünü iddia edib. Tramp bunu Kanadanın “uğursuz siyasəti və səriştəsiz rəhbərliyi” ilə əlaqələndirib.
Tramp daha sonra Kanada hökumətinə qarşı təhdid xarakterli ifadələr işlədib və ölkənin ABŞ-ın dəstəyi olmadan “sağ qala bilməyəcəyini” bildirib. O, Karnini və Fordu sərt şəkildə tənqid edərək Kanadanın bundan sonra ABŞ-dan əvvəlki kimi faydalana bilməyəcəyini vurğulayıb.
Bu açıqlamalar iki ölkə arasında ticarət münasibətlərinin gərginləşdiyi bir vaxtda səslənib. ABŞ avqustun 22-dən etibarən Kanada mallarının bir hissəsinə 50 faizlik gömrük rüsumu tətbiq edib. Vaşinqton və Ottava bir-birini ticarət razılaşmasının əldə olunmamasında günahlandırır.
Kanada Baş naziri Mark Karni isə ABŞ-ın yeni tariflərini “hesablama səhvi” adlandırıb və ölkəsinin suverenliyindən güzəştə getməyəcəyini bildirib. Kanada hökuməti də sentyabrın 8-dən bir sıra ABŞ məhsullarına qarşı yeni rüsumlar tətbiq etməyi planlaşdırır.
Yeni tariflərin süd məhsulları, metallurgiya, sellüloz-kağız sənayesi, məişət texnikası və elektronika sektorlarına təsir edəcəyi gözlənilir.
Samir


