“Azərbaycan - Özbəkistan münasibətlərinin inkişafına təkcə iki ölkə arasındakı əlaqələr kimi baxmaq düzgün olmaz”.
Bu sözləri “Xpress.az” saytının təsisçisi və baş redaktoru Xəyalə Rəis Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu münasibətlər əslində bütün Türk dünyasının birliyinə və yaxınlaşmasına təsir edən mühüm amillərdən biridir:
“Bakı ilə Daşkəndin bir-birinə yaxınlaşması göstərir ki, ortaq tariximiz, dilimiz və mədəniyyətimiz bu gün də real siyasi və iqtisadi əməkdaşlığa çevrilə bilər. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən əsas məsələlərdən biri də ortaq türk mədəniyyətidir. Bizim tariximizdə ortaq izlər, oxşar adət-ənənələr, musiqi, ədəbiyyat və düşüncə tərzi kifayət qədər çoxdur.
Nizami Gəncəvi, Nəsimi, Füzuli, Əlişir Nəvai kimi böyük şəxsiyyətlər bütün Türk dünyasının ortaq mədəni xəzinəsinin bir hissəsidir. Bu baxımdan Azərbaycanla Özbəkistanın yaxınlaşması sadəcə siyasi maraqlardan doğmur. Bunun arxasında xalqlar arasında olan təbii bir yaxınlıq və qardaşlıq hissi də dayanır”.
Ekspert qeyd edib ki, bu gün Türk dünyasının birliyindən danışanda məsələ yalnız prezidentlərin görüşləri və imzalanan sənədlərlə bitmir:
“Əsas məsələ xalqların bir-birini daha yaxşı tanımasıdır. Azərbaycanlı özbək mədəniyyətini, özbək də Azərbaycan mədəniyyətini nə qədər yaxşı tanıyarsa, aradakı bağlar bir o qədər möhkəm olar. Təhsil, ədəbiyyat, kino, musiqi, turizm və digər sahələrdə əlaqələrin artması bu baxımdan çox vacibdir. Bakı ilə Səmərqəndin, Şuşa ilə Buxaranın mədəni əlaqələrinin güclənməsi də Türk dünyasının ortaq yaddaşını daha da canlandırır.
Siyasi və iqtisadi baxımdan da Azərbaycan - Özbəkistan münasibətlərinin böyük əhəmiyyəti var. Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən mühüm ölkələrdən biridir. Özbəkistan isə böyük əhalisi, iqtisadi imkanları və Mərkəzi Asiyadakı mövqeyi ilə Türk dünyasının əsas dövlətlərindən biridir. Bu iki ölkənin əməkdaşlığı genişləndikcə, Türk dövlətləri arasında nəqliyyat, ticarət və iqtisadi əlaqələr üçün də yeni imkanlar yaranır. Xüsusilə Orta Dəhliz bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Xəyalə Rəis diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının güclənməsi də bu prosesə əlavə imkan yaradır:
“Azərbaycan və Özbəkistanın bir-birinə daha da yaxın olması təşkilat daxilində Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Yəni burada söhbət sadəcə iki ölkənin münasibətlərindən getmir. Söhbət Türk dünyasının ayrı-ayrı hissələrinin bir-birinə daha sıx bağlanmasından gedir.
Əslində, bugünkü Türk birliyi ideyasını düzgün başa düşmək lazımdır. Burada məqsəd hamının bir dövlət altında birləşməsi deyil. Əsas məsələ müstəqil dövlətlərin öz maraqlarını qoruyaraq ortaq tarix, mədəniyyət, dil, iqtisadiyyat və təhlükəsizlik məsələlərində bir-birinə dayaq olmasıdır. Azərbaycan - Özbəkistan münasibətləri də bunun yaxşı nümunəsidir”.
Həmsöhbətimizin fikrincə, ən vacib məqamlardan biri də mədəniyyətin yaratdığı yaxınlıqdır:
“Siyasətçilər dəyişə və ya müxtəlif dövrlərdə siyasi vəziyyət fərqli ola bilər, amma xalqlar arasında mədəni bağlar uzun müddət yaşayır. İnsanlar bir-birinin musiqisini dinlədikcə, ədəbiyyatını oxuduqca, tarixini öyrəndikcə və şəhərlərini ziyarət etdikcə qarşılıqlı etimad da artır. Ona görə də Türk dünyasının gələcəyində mədəni diplomatiyanın rolu heç də siyasi və iqtisadi əməkdaşlıqdan az deyil.
Bu baxımdan Azərbaycan - Özbəkistan münasibətlərini Türk dünyasının qərbi ilə mərkəzini birləşdirən mühüm körpülərdən biri kimi qiymətləndirmək olar. Bakı ilə Daşkənd arasındakı münasibətlər nə qədər güclü olarsa, Türk dövlətləri arasında ümumi əməkdaşlıq üçün də bir o qədər geniş imkan yaranar.
Hesab edirəm ki, Azərbaycan və Özbəkistanı birləşdirən təkcə bugünkü siyasi maraqlar deyil. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər var. Bu tarixi və mədəni yaxınlığı müasir siyasi və iqtisadi əməkdaşlıqla birləşdirə bilsək, Türk dünyasının birliyi də daha real və daha güclü olacaq. Azərbaycan - Özbəkistan münasibətləri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Elmir Mustafa


