Azərbaycan strateji investisiyaların reallaşdırılmasını sürətləndirir

İQTİSADİYYAT
13:45 / 25.08.2026
45

Azərbaycanda əlverişli investisiya mühiti formalaşdırılıb. 

Hit.az Valyuta.Az-a istinadən xəbər verir ki, sabitlik, həyata keçirilən islahatlar, qanunvericilik bazası və digər mühüm amillər ölkənin investisiya cəlbediciliyini artıran əsas faktorlar sırasında yer alır.

İnvestorlar üçün 10 illik vergi və gömrük güzəştləri

Ölkədə fəaliyyət göstərən sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli və dayanıqlı mühit yaradılıb. Bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu — elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlərlə tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər.

Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır.

Bu və digər amillər ölkəyə davamlı investisiya axınına şərait yaradır və bu tendensiya statistik göstəricilərdə də öz əksini tapır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar–iyul aylarında Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.

Strateji investisiya layihələri üçün yeni Komissiya yaradılıb

Ölkəyə investisiya axınının artması ilə yanaşı, investisiya layihələrinin daha səmərəli seçilməsi, prioritetləşdirilməsi və icrasının sürətləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu zərurət Azərbaycanın investisiya siyasətində yeni institusional mexanizmin formalaşdırılmasını şərtləndirib.

Nazirlər Kabinetinin 1 iyun 2026-cı il tarixli sərəncamı ilə ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Layihələr “sürətli keçid” mexanizmi ilə seçiləcək

Strateji investisiya layihələrinin ilkin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyənləşdirilir, daha sonra potensial investisiya layihələrinin siyahısı baxılması üçün Komissiyaya təqdim edilir.

Komissiya strateji investisiya layihələrinin “sürətli keçid” mexanizmi çərçivəsində obyektiv analitik meyarlar əsasında seçilməsini və qiymətləndirilməsini həyata keçirəcək. Bu mexanizmin iri investisiya layihələrinin həyata keçirilməsi müddətini təxminən 30–40 faiz azaltmağa imkan verəcəyi gözlənilir.

Komissiya iri layihələr üzrə qərarların qəbulunu sürətləndirəcək

Yeni mexanizmin əsas mahiyyəti strateji əhəmiyyət daşıyan investisiya layihələrinin daha koordinasiyalı və vahid yanaşma əsasında həyata keçirilməsidir. İri investisiya layihələrinin reallaşdırılması çoxsaylı məsələlərin həllini tələb edir. Layihələrin icrası zamanı torpaq, infrastruktur, enerji təminatı, tikinti, ekologiya, gömrük, vergi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqəli qərarların operativ və koordinasiyalı şəkildə qəbuluna ehtiyac yaranır.

Məhz buna görə Komissiyanın tərkibinə iqtisadiyyat, maliyyə, energetika, ekologiya, ədliyyə, əmək, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat, gömrük, şəhərsalma və digər istiqamətlər üzrə dövlət qurumlarının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Geniş dövlət təmsilçiliyi koordinasiyanı gücləndirəcək

Komissiyada müxtəlif istiqamətlər üzrə dövlət qurumlarının təmsil olunması strateji layihələrə fərqli aspektlərdən yanaşmağa, eləcə də çoxsaylı məsələlərin aidiyyəti qurumlar arasında daha sürətli əlaqələndirilməsinə imkan verəcək.

Beləliklə, strateji investisiya layihələri üzrə tətbiq ediləcək “sürətli keçid” mexanizmi layihələrin icrasında operativliyin artırılmasına, qurumlararası koordinasiyanın gücləndirilməsinə və strateji investisiyaların daha çevik şəkildə reallaşdırılmasına xidmət edəcək.
 

0