“Əbədi dostluq”dan Türk birliyinə açılan pəncərə

SİYASƏT
14:30 / 25.08.2026
308

“Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələnin əsasını qoydu”. 

Bu sözləri siyasi şərhçi Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu səfər Türk birliyinin gələcəyi baxımından da diqqətçəkən siyasi hadisədir:


“Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, dövlət başçılarının verdiyi mühüm mesajlar, imzalanan sənədlər, yeni iqtisadi və humanitar layihələrin açılışı, qədim Buxaraya səfər münasibətlərin yalnız diplomatik müstəvidə deyil, siyasi, iqtisadi, mədəni və mənəvi baxımdan da dərinləşdiyini göstərdi. Heç şübhəsiz ki, səfərin ən mühüm siyasi nəticəsi isə Azərbaycan ilə Özbəkistan arasında “Əbədi dostluq müqavilə”sinin imzalanmasıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, bu sənəd iki ölkə arasında son illərdə formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə uzunmüddətli siyasi-hüquqi məzmun qazandırır: 
“Sənəddə iki qardaş ölkə arasında münasibətlərin əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf etdirmək niyyəti təsbit olunur. Turanın parçası olan iki ölkəni - Azərbaycan və Özbəkistanı birləşdirən bağlar yalnız müasir diplomatik münasibətlərlə məhdudlaşmır.

Cənubi Qafqazda mühüm mövqeyə malik Azərbaycanla Mərkəzi Asiyanın inkişaf etmiş dövləti olan Özbəkistanla münasibətlərin təməlində ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, qədim tarixi əlaqələr, İslam sivilizasiyasının yaratdığı mənəvi dəyərlər təşkil edir”. 

Ekspert qeyd edib ki, Prezidentin Özbəkistan səfəri mənəvi bağlarla yanaşı iqtisadi əlaqələrin də möhkəmləndirilməsinə zəmin yaratdı: 
“Səfərin mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi idi. Tərəflər qarşılıqlı ticarətin artırılması, investisiya layihələrinin genişləndirilməsi, biznes dairələri və regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirdilər. 

İmzalanan sənədlər arasında ikitərəfli ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Proqram, investisiya və ticarət layihələri üzrə Yol Xəritəsi, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq sənədləri yer alır. Fikrimcə, bu da ciddi uğur kimi dəyərləndirilə bilər”.

Elmir Mustafa

0