Azərbaycan-Özbəkistan əməkdaşlığı son illərdə yalnız dövlətlərarası siyasi dialoqla məhdudlaşmayan, iqtisadi tərəfdaşlıqdan təhsil və elmə, mədəni-humanitar əlaqələrdən sosial layihələrə qədər uzanan geniş bir əməkdaşlıq modelinə çevrilib.
İki ölkə arasında qurulan qarşılıqlı əlaqələr həm dövlət qurumlarını, həm biznes və təhsil mühitini, həm də cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırır.
Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə daha da yaxınlaşıb:

“Bu əlaqələr təkcə siyasi sahə ilə məhdudlaşmır. İki ölkə iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı, enerji, turizm, təhsil və mədəniyyət sahələrində də əməkdaşlığı genişləndirir.
Azərbaycan və Özbəkistanı yaxınlaşdıran əsas amillərdən biri xalqlarımızın ortaq tarixi və mədəni bağlarıdır. Dil və adət-ənənələrdəki yaxınlıq iki xalq arasında münasibətlərin daha rahat inkişaf etməsinə imkan verir. Bu gün siyasi münasibətlər də yüksək səviyyədədir. 2024-cü ildə iki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrə yeni məzmun verib”.
Həmsöhbətimiz qeyd edib ki, iqtisadi sahədə də ciddi canlanma var:
“2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə bu göstərici 144 milyon dollar olub. Ölkələr qarşıdakı illərdə ticarət dövriyyəsini daha da artırmaq niyyətindədir.
Tərəflər arasındakı əməkdaşlığın başqa mühüm istiqaməti isə sənayedir. Azərbaycan və Özbəkistan birgə müəssisələrin yaradılmasına və yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər. Maşınqayırma, tekstil, elektrotexnika, kənd təsərrüfatı və enerji sahələrində layihələr artıq həyata keçirilir. Bu, münasibətlərin yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir”.
Millət vəkili diqqətə çatdırıb ki, nəqliyyat sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır:
“Özbəkistan üçün Azərbaycan üzərindən keçən Orta Dəhliz Avropa bazarlarına çıxış baxımından mühüm imkan yaradır. Bu marşrut həm yükdaşımaların artmasına, həm də Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə xidmət edir. 2025-ci ildə iki ölkənin liderləri Orta Dəhlizin inkişafında əməkdaşlığın genişləndirilməsi məsələsini də müzakirə ediblər.
Əlaqələrin inkişafında regionlar arasında əməkdaşlıq da mühüm yer tutur. Bakı və Daşkənd, Gəncə və Səmərqənd kimi şəhərlər arasında əlaqələr genişlənir. Bu cür əməkdaşlıq insanların bir-birini daha yaxından tanımasına, biznes əlaqələrinin artmasına və yeni layihələrin yaranmasına kömək edir”.
Günel Cəlilova


