Köçəryan və Sarkisyan Azərbaycana ekstradisiya edilə bilərmi?

SİYASƏT
14:04 / 27.08.2026
217

“Azərbaycanın hüquq-mühafizə orqanları Robert Köçəryan və Serj Sarkisyanın ölkəmizin ərazisində törədilən çoxsaylı cinayətlərə, o cümlədən beynəlxalq xarakterli cinayətlərə görə məsuliyyətə cəlb edərək barələrində beynəlxalq axtarış elan edib. Ona görə də Azərbaycan hüquqi baxımdan Ermənistana ekstradisiya tələbini irəli sürə bilər”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Ermənistan qarşısında Robert Köçəryan və Serj Sarkisyanın ekstradisiyası məsələsini qaldırması hüquqi və siyasi baxımdan mümkündür:


“Düzdür, Azərbaycanla Ermənistan arasında ekstradisiya haqqında ikitərəfli müqavilə yoxdur. Lakin ekstradisiya ilə əlaqədar müəyyən beynəlxalq hüquqi mexanizm mövcuddur. Həm Azərbaycan, həm də Ermənistan ekstradisiya haqqında Avropa Konvensiyasını ratifikasiya etdiyindən rəsmi Bakı beynəlxalq hüquqi baxımdan belə tələb irəli sürə bilər.

Lakin burada ciddi bir hüquqi problem var. Belə ki, əksər ölkələrdə olduğu kimi Ermənistan qanunvericiliyi də öz vətəndaşının xarici dövlətə verilməzliyi prinsipini təsbit edib. Ermənistan konstitusiyasında beynəlxalq müqavilələrdən irəli gələn hallarda vətəndaşların ekstradiyası imkanı nəzərdə tutulsa da, Cinayət Məcəlləsi xaricdə cinayət törətmiş Ermənistan vətəndaşlarının həmin dövlətə ekstradisiya edilməməsini birmənalı şəkildə təsbit edir”.

Ekspert qeyd edib ki, Robert Köçəryan və Serj Sarkisyan ölkəmizdə doğulub Azərbaycan SSR vətəndaşı olsalar da, hazırda rəsmən Ermənistan Respublikasının vətəndaşlarıdır:
“Ona görə də adlarıçəkilən şəxslərin ekstradiyası haqqında Azərbaycanın tələbinin Ermənistan tərəfindən icra olunması, yəni onların cinayət məsuliyyəti haqqında məsələnin həlli üçün ölkəmizə təslim edilməsi Ermənistanın hazırkı daxili hüququ çərçivəsində, faktiki olaraq qeyri-mümkün görünür.

Hesab edirəm ki, bu hüquqi problemə baxmayaraq, Azərbaycan rəsmi şəkildə hər 2 şəxsin ekstradisiyası haqqında məsələni qaldırmalı və onların törətdiyi cinayət əməllərini sübut edən faktiki matertialları Ermənistan tərəfinə təqdim etməli, konkret cinayət epizodları üzrə öz yurisdiksiyasını əsaslandırmalıdır. Bu tələbin həm müəyyən hüquqi, həm də siyasi tərəfi var. Belə ki, Azərbaycan hər 2 şəxsin törətdiyi cinayət əməllərini bir daha gündəmə və ictimai diqqətə gətirir”.

Politoloq diqqətə çatdırıb ki, Köçəryan və Sarkisyanın Azərbaycan ərazisində törətdiyi cinayət əməllərinə görə Ermənistanda daxili qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasını tələb etmək üçün hüquqi əsas var:
“Əgər Ermənistan özünün keçmiş prezidentlərinin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olduğunu qəbul edirsə, Azərbaycanın da onların ölkəmizə qarşı törədilmiş konkret cinayətlər üzrə məsuliyyət məsələsini qaldırması tamamilə əsaslı hesab olunmalıdır. Bununla Ermənistan hakimiyyətini dilemma qarşısında qoyuruq: ərazimizdə çoxsaylı cinayət əməlləri törətmiş vətəndaşlarını məsuliyyətə cəlb etmək üçün təslim et, ya da özün mühakimə et”.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, indiki şəraitdə ikinci variant daha aktualdır və mümkün görünə bilər:
“Adlarıçəkilən şəxslər Ermənistanda törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunub və artıq Köçəryan həbs edilib. Paşinyan hakimiyyətinin onlardan və yaxa qurtarmaq istəyini nəzərə aldıqda bu variantın mümkünlük ehtimalı daha cəlbedici görünür. 

Hesab edirəm ki, bu gün Bakı üçün məsələnin ən mühüm tərəfi Köçəryan və Sarkisyanın ölkəmizə gətirilməsindən daha çox, onların Azərbaycan ərazisində törədilmiş cinayətlərə görə mümkün hüquqi məsuliyyət məsələsinin beynəlxalq gündəmə çıxarılmasıdır”.

Elmir Mustafa

0