Rusiya ilə Avropa arasında artan gərginliyin hərbi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı ehtimallar gündəmdədir.
HİT.az xəbər verir ki, “The Paper” nəşri Moskvanın NATO ölkəsinə mümkün hücumunun hansı istiqamətlərdən həyata keçirilə biləcəyini və alyansın buna necə cavab verə biləcəyini təhlil edib.
Nəşrin yazdığına görə, Rusiyanın mümkün hədəfləri arasında Şpitsbergen arxipelaqı, Aland adaları və İsveçin Qotland adası ola bilər. Digər ehtimal kimi isə Şərqi Avropaya — Estoniya, Latviya, Litva və Polşaya quru müdaxiləsi göstərilir.
Şpitsbergen Norveçə məxsus olsa da, demilitarizasiya olunmuş ərazi kimi tanınır və strateji əhəmiyyət daşıyır. Rusiya bu ərazidə Norveçin hərbiləşdirmə siyasəti apardığını iddia edir. Aland adaları da Finlandiyaya məxsus demilitarizasiya olunmuş ərazidir.
Nəşrin ssenarisinə əsasən, Rusiya hücuma aylarla hazırlaşa, lakin əməliyyatın özünü çox qısa müddətdə həyata keçirə bilər. Moskvanın müəyyən ərazilərə hərbi qüvvələr göndərərək faktiki nəzarət yaratmağa, daha sonra isə bunu saxta referendum və ya formal yerli idarəetmə vasitəsilə legitimləşdirməyə çalışa biləcəyi iddia olunur.
“The Paper”ın təsvir etdiyi ssenariyə görə, hücumun ilk dəqiqələrində NATO kəşfiyyatı hadisə barədə məlumat əldə edə bilər. Daha sonra alyans ölkələrinin liderləri təcili məsləhətləşmələrə başlayacaq.
İlk mərhələdə NATO-nun 4-cü maddəsinin işə salınması və müttəfiqlərin təhlükəsizliklə bağlı məsləhətləşməsi mümkün hesab edilir. Bundan sonra hücuma məruz qalan ölkəyə dəstək və Rusiyadan qoşunlarını geri çəkmək tələbi ilə bağlı birgə mövqe açıqlana bilər.
Növbəti saatlarda alyansın hərbi strateqlərinin cavab planı hazırlaması, ilk 48 saat ərzində isə Avropadakı əlavə qüvvələrin hücum istiqamətinə göndərilməsi gözlənilir.
Bununla yanaşı, Rusiya kiberhücumları genişləndirərək Avropanın nəqliyyat, kommunikasiya və kommersiya sistemlərini zəiflətməyə cəhd göstərə bilər.
Nəşr hesab edir ki, alyansın qarşılaşa biləcəyi əsas problemlərdən biri hərbi qüvvələrin sürətli şəkildə bölgəyə çatdırılmasıdır. Bəzi Avropa ölkələrinin böyük hərbi birləşmələri, xüsusilə Baltikyanı ölkələrə, yalnız bir neçə ay ərzində yerləşdirə biləcəyi qeyd olunur.
Bundan əlavə, logistika, sursat və pilotsuz uçuş aparatlarının ehtiyatlarının məhdudluğu, şəxsi heyətin çatışmazlığı və Avropa ölkələri arasında hərbi imkanlardakı fərqlər də ciddi çətinlik yarada bilər.
Təhlildə ən mühüm qeyri-müəyyənliklərdən biri kimi isə ABŞ-ın Rusiyanın NATO-ya mümkün hücumuna hansı formada cavab verəcəyi göstərilir.
Samir


