II Qaregin seçim qarşısında: İstefa, yoxsa həbs?

DÜNYA
14:21 / 28.08.2026
190

Ermənistanda siyasi hakimiyyətlə kilsə arasında gərginlik yeni mərhələyə keçib. 

Parlamentin sədri Ruben Rubinyan bütün Ermənilərin Katolikosu II Qaregini istefa verməyə çağırıb. Spiker əks təqdirdə, II Qareginin həbs ediləcəyini bildirib. Katolikosa ünvanlanan istefa çağırışı və mümkün həbs iddiaları Ermənistanda proseslərin necə nəticələnəcəyi ilə bağlı sualları artırıb.

Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib ki, əslində II Qaregin barəsində başlanmış məhkəmə prosesi onun istefasına nail olmaq məqsədi daşıyır: 
“Ruben Rubinyanın “Bütün ermənilərin katolikosu II Qaregin istefa verməlidir, əks halda həbs oluna bilər” məzmunlu açıqlaması Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında münasibətlərin daha gərgin mərhələyə keçdiyini göstərir. Avqustun 28-də Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin və Ali Dini Şuranın altı üzvü ilə bağlı məhkəmə prosesinin ilkin dinləmələrinin keçirilməsi nəzərdə tutulurdu. 

Lakin II Qaregin və digər şəxslər məhkəməyə qatılmaqdan imtina ediblər. Buna baxmayaraq, katolikos barəsində həbs qərarı çıxarıla bilər. Nikol Paşinyan hakimiyyəti II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün bütün hüquqi və siyasi vasitələri işə salıb. Ona görə də Ermənistan hakimiyyəti məhkəmə prosesini katolikos üzərində siyasi təzyiq aləti kimi maksimum istifadə edəcək”.

Ekspert qeyd edib ki, ittihamın əsasında Masiatson yeparxiyasının yepiskopu Qevork Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı yaranmış mübahisə dayanır:

“Belə ki, II Qaregin 10 yanvar 2026-cı ildə Saroyanı vəzifəsindən azad edib. Yepiskop da II Qaregini məhkəməyə verib. Daha sonra məhkəmə Saroyanın iddiasını təmin etsə də, katolikos bu qərarı icra etməyib. Məhz bu səbəbdən II Qaregin Ermənistan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən istifadə etməklə məhkəmə aktının icrasına maneçilik törətməkdə ittiham olunur. Sözügedən ittiham üzrə cərimə və 1 ilədək həbs cəzası nəzərdə tutulur. 

Buna görə də prosesin nəticəsindən asılı olaraq II Qareginin azadlıqdan məhrum edilməsi ehtimalı da istisna edilmir. Lakin katolikosa qarşı vəzifə səlahiyyətlərindən istifadə etməsi ittihamı onun daha uzun müddətə azadlıqdan məhrum edilməsi ilə nəticələnə bilər”.

408320

Onun sözlərinə görə, burada əsas sual hüquqi məsuliyyətdən daha çox siyasi məqsədlərlə bağlıdır:

“II Qaregin həqiqətən məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılır, yoxsa bu proses onun istefasına nail olmaq üçün təzyiq mexanizminə çevrilib? Çünki katolikosun istefası adi inzibati qərarla həyata keçirilə biləcək proses deyil. Erməni Apostol Kilsəsinin katolikosu arxiyepiskoplar və yepiskoplar məclisi tərəfindən ömürlük seçilir. 

Ermənistan qanunvericiliyində katolikosun həbsinə birbaşa qadağa qoyulmasa da, onun seçilməsi və vəzifədən getməsi mexanizmi mürəkkəb dini prosedurlarla bağlıdır. Bu baxımdan həbs məsələsinin gündəmə gətirilməsi II Qaregini istefaya məcbur etmək üçün siyasi təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Ruben Rubinyanın xəbərdarlığı da məhz bu məqsədə xidmət edir”.

Politoloq söyləyib ki, Paşinyan hakimiyyətinin müxalifət və kilsə ilə münasibətləri də diqqət çəkir:

“Hakimiyyətə qarşı çıxan və Rusiyaya bağlı revanşist müxalifət liderlərinin həbs olunması fonunda indi kilsənin rəhbərinə qarşı hüquqi mexanizmlərin işə salınması Ermənistan daxilində siyasi güc balansının hakimiyyətin xeyrinə dəyişməsinə yönəlib. Bu prosesin davamında əsas məsələ II Qareginin mövqeyindən geri çəkilib-çəkilməyəcəyi olacaq. Əgər katolikos istefa verməkdən imtina edərsə, onun barəsində həbs qərarının çıxarılması qaçılmaz olacaq. 

Digər tərəfdən, Ermənistanda yeni Konstitusiya ilə bağlı gözlənilən dəyişikliklər də kilsə-hakimiyyət münasibətlərinə təsir göstərə bilər. Hakimiyyət kilsənin siyasi proseslərdəki rolunu məhdudlaşdırmaq niyyətindədir. Bu məqsədlə hesab edirəm ki, 2026-cı ilin sonunda referenduma çıxarılacaq yeni konstitusiya layihəsində kilsənin siyasətə müdaxiləsinə imkan verən səlahiyyətləri məhdudlaşdırılacaq”.

Sevinc

0