Rusiya nüvə silahından istifadəyə hazırlaşır?

DÜNYA
15:15 / 28.08.2026
240

Son günlərdə dünya gündəminə dəhşətli bir iddia gəlib.

Belə ki, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyi iddia olunur. Daha dəqiq desək, adıçəkilən ölkənin hansısa bölgəsinə taktiki nüvə silahı ilə zərbə endirilməsinin ciddi şəkildə nəzərdən keçirildiyi deyilir. Hətta ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin də bunu əngəlləmək üçün ani şəkildə Moskvaya getdiyi önə sürülür. 

Bəs bu iddialar nə dərəcədə doğrudur? Rusiya həqiqətən nüvə silahından istifadə edə bilərmi?

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Hit.az-a açıqlama verib.

O bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi getdikcə daha da kəskinləşir:
“Son zamanlar Qərb, xüsusilə ABŞ vəziyyəti müəyyən dərəcədə yumşaltmaq və danışıqlar prosesini başlatmaq üçün səy göstərsə də, buna nə Rusiya, nə də Ukrayna tərəfindən razılıq verildi. Rusiya birmənalı olaraq qarşısına qoyduğu məqsədlərə çatmaq niyyətindədir. O, nəzarətə götürdüyü torpaqları geri qaytarmaq fikrində deyil, ilhaq etdiyi ərazilərin öz tərkibində qalacağını bildirir və Ukraynaya sülh müqaviləsi adı altında faktiki olaraq kapitulyasiya sənədini imzalatdırmaq niyyəti güdür.

Lakin görünən odur ki, münaqişənin coğrafi miqyası qarşılıqlı olaraq daha da genişlənib. Artıq mərkəzi şəhərlərə, Moskvaya və Kiyevə dron zərbələri endirilir. Bu isə mülki əhalinin həmin bölgələrdən uzaqlaşmasına, demoqrafik böhranın dərinləşməsinə, habelə iqtisadi və siyasi vəziyyətin kəskinləşməsinə gətirib çıxarır”.

Ekspert qeyd edib ki, bugünkü gündə nüvə silahından istifadə ehtimalı barədə də müəyyən fikirlər səsləndirilir:
“Hansı ki, bu cür söhbətlər artıq uzun zamandır gündəmdədir. Lakin yaxşı bilirik ki, nüvə silahının tətbiqi təkcə Ukrayna ilə məhdudlaşa bilməz. Bu, bütün Avropa regionuna yayıla biləcək fəlakətdir. Məhz buna görə də bu barədə verilən bəzi bəyanatları düşünülməmiş addımlar hesab edirəm. Təbii ki, Rusiyanın əlində nüvə arsenalı var, ancaq məsələ tək Ukrayna ilə bitmir. 

Rusiya dünya siyasəti çərçivəsində nüvə silahının tətbiq edilməməsi ilə bağlı öhdəliklər götürüb və müvafiq beynəlxalq razılaşmaların tərəfdaşıdır. Bütün bunları nəzərə alaraq, Kremlin nüvə silahından istifadə barədə göstəriş verəcəyini düşünmürəm. Əlbəttə, başqa növ ağır silahlardan istifadə olunması və daha şiddətli zərbələrin endirilməsi mümkündür, amma nüvə silahının tətbiqi indiki şəraitdə real görünmür”.

Elmir Mustafa

0