Həkim: "Maaş artımı regionlardakı həkim çatışmazlığını aradan qaldıra bilər"

SAĞLAMLIQ
12:48 / 03.09.2026
191

Azərbaycanda səhiyyə sahəsində kadr siyasətinin və əməkhaqqı mexanizmlərinin yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir. 

Sentyabrın 1-dən etibarən TƏBİB-in idarəçiliyində olan tibb müəssisələrində çalışan 72 212 tibb əməkdaşının əməkhaqqı üzrə yeni ödəniş qaydaları qüvvəyə minəcək. Bu istiqamətdə təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevadan gəlib. Təşəbbüs Prezident İlham Əliyev tərəfindən dəstəklənib və qərarın həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməkhaqqındakı bu artım tibb kadrlarının bölgələrdə işləməyə marağını nə dərəcədə yüksəldə və səhiyyə müəssisələrində uzun müddətdir müşahidə olunan mütəxəssis çatışmazlığının aradan qaldırılmasına hansı töhfəni verə bilər?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, tibb sahəsində çalışanların gəlirlərinin yüksəldilməsi onların sosial təminat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilə bilər: 

408844

“Yeni əməkhaqqı mexanizmi ölkənin müxtəlif bölgələrində müşahidə olunan həkim çatışmazlığının azaldılması üçün də əlavə imkanlar yarada bilər. Regionlarda tibbi kadr probleminin həlli üçün yalnız mütəxəssis çatışmazlığından danışmaq kifayət deyil. Həkimin həmin ərazidə işləməsi üçün ilk növbədə onun maddi təminatı ilə yanaşı, yaşayış və fəaliyyət imkanları da yaradılmalıdır”.

Ekspert qeyd edib ki, gəlirlərin daha qənaətbəxş səviyyəyə yüksəldilməsi bu istiqamətdə mühüm stimullardan birinə çevrilə bilər:

“Belə şərait formalaşarsa, ixtisaslı həkimlərin bölgələrdə fəaliyyət göstərməsinə maraq arta, nəticədə regional səhiyyə xidmətlərinin inkişafı sürətlənə bilər. Tibb işçilərinin daim yeni bilik və bacarıqlar qazanması isə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsində əsas amillərdən biridir”.

Sevinc

0