Ekspert bədənə masaj lazım olduğunu göstərən əlamətləri açıqladı

SAĞLAMLIQ
23:53 / 02.09.2026
43

Yuxudan sonra yorğunluq hissi bədənə masaj lazım olduğunu göstərə bilər. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya idman bərpası üzrə “TuMачь” studiyasının təsisçisi, masajçı-reabilitoloq Valeriya Qreben bildirib.

“Əgər yuxudan oyandıqda dincəlmədiyinizi hiss edirsinizsə, bu, normal deyil. Gərgin və spazm vəziyyətində olan əzələlər qan dövranının keyfiyyətli olmasına mane olur və nəticədə yorğunluq hissi yaranır. Yuxu zamanı bədən tam rahatlaşa bilmir, boyun tutulur, beldə ağrı yaranmağa başlayır”, – mütəxəssis deyib.

Qreben çiyinlərdə ağırlıq və sərtlik hissinin də masaja ehtiyac olduğunu göstərə biləcəyini qeyd edib.

“Əgər şkafın yuxarı rəfinə uzana bilmirsinizsə, bu, çiyin qurşağında spazmın klassik əlamətidir. Əlinizi ağrı və ağırlıq hissi olmadan şaquli şəkildə yuxarı qaldıra bilmirsinizsə, bu, trapesiya və deltoid əzələlərinin kifayət qədər elastik olmadığını göstərir. Bu nahiyə uzun müddət statik gərginlikdə qaldıqda qan dövranı pozulur və toxumalar kifayət qədər oksigen almır”, – masajçı izah edib.

Ekspert bildirib ki, başın arxa hissəsində yaranan ağrılar da çox vaxt boyun-yaxalıq nahiyəsindəki spazmın nəticəsi olur. Onun sözlərinə görə, simptomlar nəzərə alınmadıqda başgicəllənmə, gözlərin qarşısında dumanlı görüntü və yuxululuq yarana bilər.

Masajçı əllərdə və barmaqlarda keyiməyə də diqqət yetirməyə çağırıb.

“Əllərin barmaqlarında, xüsusilə səhərlər, yuxudan oyandıqdan dərhal sonra yaranan zəiflik və keyimə boyun səviyyəsində sinirin sıxılmasına işarə edə bilər. Əgər iynələnmə və ya keyimə çeçələ və adsız barmaqlara yayılırsa, bu, çox vaxt dirsək sinirinin zədələnməsindən xəbər verir”, – Qreben deyib.

Onun sözlərinə görə, axşama doğru ayaqlarda ağırlıq və şişkinlik də bel nahiyəsində qan və limfa durğunluğu ilə əlaqəli ola bilər.

Qreben məşq zamanı əzələlərini əvvəlki kimi hiss etməyən şəxslərə də masaja müraciət etməyi tövsiyə edib. O bildirib ki, həssaslığın azalması həddindən artıq yorğunluq səbəbindən sinir-əzələ əlaqəsinin pozulmasına işarə edə bilər.

Ekspert adi vaxtdan daha çox əyilərək yeriməyə başlayan şəxslərə də masajçıya müraciət etməyi məsləhət görüb.

“Zəif və gərgin bel əzələləri düzgün qaməti saxlaya bilmir. Bu nahiyələr kifayət qədər qanla təchiz olunmur, əzələlər elastikliyini itirir və yük oynaqlar və bağlar arasında yenidən bölüşdürülməyə başlayır”, – mütəxəssis xəbərdarlıq edib.

O, bədəndə sərt düyünlər yaranan şəxslərə də masajçıya müraciət etməyi tövsiyə edib.

“Söhbət üzərinə basdıqda ağrı verən tətik nöqtələrindən gedir. Bunlar adətən iri əzələlərin birləşmə nahiyələrində, yüksək yük düşən yerlərdə yaranır. Onları kəllənin dibində, trapesiya əzələlərində və ya sağrı nahiyəsində asanlıqla hiss etmək mümkündür”, – masajçı izah edib.

Samir

0