Amerikalı, münasibətlər üzrə ixtisaslaşan psixoloq Mark Travers yüksək emosional intellektə malik tərəfdaşların hər səhər bir-birinə verdiyi bir sualı açıqlayıb. Onun sözlərinə görə, bu sual münaqişələrin qarşısını almağa kömək edir, lakin insanların əksəriyyəti onu unudur.
HİT.az xəbər verir ki, bu barədə CNBC yazıb.
“Mən bunu “resurs yoxlaması” (və ya “güc ehtiyatının qiymətləndirilməsi”) adlandırıram. Hesab edirəm ki, bu, yəqin ki, ən faydalı və qayğıkeş səhər sualıdır: o, emosional intellekti nümayiş etdirir və münasibətləri möhkəmləndirməyə kömək edir”, deyə o, “CNBC” üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, sualın konkret ifadəsi fərqli ola bilər və bu, o qədər də vacib deyil. Əsas məsələ onun mahiyyətidir: “Bu gün nə qədər enerjin var və səndən nə gözləyə bilərəm?”
“Bəzi cütlüklər bunu rəqəmlərlə ifadə edir: “Bu gün enerjim təxminən 60 səviyyəsindədir, bəs sənin?” Digərləri “Gün asan olacaq, yoxsa çətin?” və ya “Sənin çənin necədir?” deyə soruşur. Elə tərəfdaşlar da tanıyıram ki, günlərini hava şəraiti ilə təsvir edir və ya bir-birindən hazırda hansı “ilin fəslində” olduqlarını soruşurlar”, – psixoloq qeyd edib.
Travers əlavə edib ki, belə bir sualla ağır emosional özünütəhlilə getmədən tez və səmimi cavab almaq mümkündür. Bu özünəməxsus səhər ritualı isə münaqişələrin qarşısını almağa kömək edir.
“Resurs yoxlaması” daha sadə məsələdir və rituallar onları yerinə yetirmək asan olduqda məhz bu cür formalaşır”, – psixoloq vurğulayıb.
Samir


