Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) nəzdində fəaliyyət göstərən “Empower You” işçi qrupunun təşkilatçılığı və Azərbaycan Universitetinin tərəfdaşlığı ilə “Elevate 101: Project Management Forum” keçirilib.
18–29 yaş arası gənclər üçün təşkil olunan forumun məqsədi iştirakçıları layihə idarəetməsinin əsasları ilə tanış etmək, bu sahədə karyera imkanları barədə məlumatlandırmaq və onların peşəkar inkişafına dəstək göstərmək olub.
Forumda mütəxəssislərin çıxışları ilə yanaşı, karyera və liderlik üzrə fasilitator Fəzilə Əsgərova, karyera məsləhətçisi Aydan Ağayeva və layihə meneceri Nicat Məmmədovun iştirakı ilə panel müzakirəsi təşkil olunub. Müzakirədə layihə idarəetməsi üzrə bilik və bacarıqların əhəmiyyəti, gənclərin peşəkar inkişafı və karyera quruculuğu məsələlərinə toxunulub.
İştirakçılar mütəxəssislərlə fikir mübadiləsi aparmaq, onları maraqlandıran sualları ünvanlamaq və peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər.
Forum gənclərin layihə idarəetməsinə marağının artırılmasına və bu sahədə peşəkar təcrübə ilə tanış olmalarına xidmət edib.









