Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilati dəstəyi ilə “Elevate101: Learn, Grow and Empower” layihəsi həyata keçirilib.
Layihənin məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək göstərmək, layihələrin hazırlanması və idarə edilməsi üzrə biliklərini artırmaq, ictimai faydalı ideyalarını reallaşdırmaları üçün bacarıqlar qazandırmaq olub.
Uzunmüddətli proqram çərçivəsində seçilmiş gənclər üçün aylıq təlimlər, praktiki fəaliyyətlər və mentor dəstəyi təşkil olunub. İştirakçılar layihə ideyalarının formalaşdırılması, layihələrin yazılması, planlaşdırılması və idarə olunması üzrə biliklər əldə edib, layihələr üzərində işləyərək öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar.
Proqramda komanda işi, ünsiyyət və strateji planlaşdırma bacarıqlarının inkişafına da diqqət ayrılıb. Gənclər təcrübəli mentorlarla əməkdaşlıq edərək öz ideyaları üzərində işləyib, digər iştirakçılar və mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.
İştirakçıların seçimində həssas kateqoriyalara aid gənclərə üstünlük verilməsi nəzərdə tutulub. Bu yanaşma inkişaf imkanlarına çıxışın genişləndirilməsinə və gənclərin ictimai təşəbbüslərdə iştirakının təşviqinə yönəlib.
“Elevate101: Learn, Grow and Empower” layihəsi gənclərin təşəbbüskarlığını dəstəkləyərək onların ideyalarını konkret layihələrə çevirmələri və icmalarına fayda verən fəaliyyətlərə qoşulmaları üçün öyrənmə və əməkdaşlıq mühiti yaradıb.



















