AEGEE-Bakının gənclər üçün peşəkar inkişaf proqramı yekunlaşıb

SOSİAL
17:08 / 14.01.2026
14

Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə həyata keçirilən “Local Training Course — Yerli Təlim Kursu” başa çatıb. Proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş layihə onlara müxtəlif fəaliyyət sahələri ilə tanış olmaq və gələcək karyeraları üçün əhəmiyyətli biliklər əldə etmək imkanı yaradıb. Kurs müddətində liderlik, layihə idarəetməsi, insan resursları və maliyyə istiqamətləri üzrə təlimlər keçirilib.

İştirakçılar proqram boyunca komanda fəaliyyətinin təşkili, təşəbbüslərin planlaşdırılması və məsuliyyətli qərarvermə məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İnteraktiv sessiyalar əldə olunan biliklərin iş həyatında və ictimai fəaliyyətlərdə tətbiq imkanlarını nəzərdən keçirməyə şərait yaradıb.

Layihənin mühüm istiqamətlərindən biri gənclər arasında təcrübə mübadiləsi və əməkdaşlığın təşviqi olub. Ortaq öyrənmə mühiti iştirakçıların bir-birini yaxından tanımasına, maraqlarını bölüşməsinə və gələcək təşəbbüslər üçün əlaqələr qurmasına imkan verib.

Yerli Təlim Kursu AEGEE-Bakının gənclərin potensialının inkişafına və təşkilati fəaliyyətdə fəal iştirakına dəstək göstərən proqramı kimi həyata keçirilib. Layihə çərçivəsində qazanılan təcrübənin iştirakçıların gələcək peşəkar və ictimai fəaliyyətinə töhfə verməsi hədəflənib.

0