Altı ölkədən 40 iştirakçını birləşdirən Beynəlxalq Novruz Festivalı yekunlaşıb

SOSİAL
17:17 / 28.03.2026
18

Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə 17–23 mart tarixlərində keçirilən “Beynəlxalq Novruz Festivalı Azərbaycan” (INFA) başa çatıb. Festival Azərbaycan, İtaliya, Niderland, Almaniya, Qazaxıstan və Pakistandan ümumilikdə 40 iştirakçını bir araya gətirib.

Layihənin məqsədi Novruz bayramının ənənələrini beynəlxalq iştirakçılara tanıtmaq, Azərbaycan və digər ölkələrdən olan gənclər arasında mədəniyyətlərarası dialoqu və dostluq əlaqələrini gücləndirmək olub.

Bir həftə davam edən festivalın proqramına mədəni təqdimatlar, interaktiv fəaliyyətlər, sosial proqramlar və tarixi məkanlara səfərlər daxil edilib. İştirakçılar həm Azərbaycan mədəniyyəti ilə tanış olub, həm də təmsil etdikləri ölkələrin mədəniyyətləri barədə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.

Festivalın Bakı, Qobustan və Şəkini əhatə edən proqramı gənclərə ölkəmizin mədəni müxtəlifliyini və tarixi irsini yaxından görmək imkanı verib. Birgə fəaliyyətlər müxtəlif ölkələrdən gələn iştirakçıların ünsiyyətini gücləndirib və yeni əlaqələrin yaranmasına şərait yaradıb.

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin baş sponsorluğu, AzərSüd MMC və Coca-Cola MMC-nin sponsorluğu ilə həyata keçirilib. AEGEE-Bakı festivalın təşkilinə göstərilən dəstəyə görə tərəfdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, INFA AEGEE-Bakı tərəfindən ənənəvi olaraq təşkil olunan beynəlxalq layihələrdəndir. Novruz bayramı ətrafında müxtəlif ölkələrdən olan gəncləri birləşdirən festivalın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

0