Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur.
Trend-in qüvvədə olan qanunvericilikdən verdiyi məlumata görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı isə atasının adına görə müəyyən edilir.
Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən olunur. Valideynlərin soyadları müxtəlif olduqda uşağa onların razılığı ilə atanın və ya ananın soyadı verilə bilər.
Atalıq müəyyən olunmadıqda uşağın adı ananın göstərişi ilə verilir. Bu halda ata adı uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına uyğun müəyyən edilir.
Qanunvericilik uşağın adının və soyadının sonradan dəyişdirilməsinə də imkan verir.
Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişi əsasında və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə məsələ qəyyumluq və himayə orqanları tərəfindən digər valideynin rəyi nəzərə alınmaqla və uşağın maraqlarından asılı olaraq həll edilir.
Lakin müəyyən hallarda digər valideynin rəyinin nəzərə alınması məcburi deyil. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, həmin valideyn valideynlik hüquqlarından məhrum edildikdə və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun rəyi nəzərə alınmır.
Həmçinin digər valideyn üzrlü səbəb olmadan uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda da həmin valideynin rəyinin alınması məcburi deyil.
Uşaq nikahda olmayan şəxslərdən olduqda və atalıq qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilmədikdə, qəyyumluq və himayə orqanları uşağın maraqlarını əsas götürərək onun soyadının ananın həmin vaxt daşıdığı soyada dəyişdirilməsinə icazə verə bilər.
Bununla yanaşı, 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.


