Musiqi dünyasında güc balansı dəyişmək üzrədir. Manchester mərkəzli “Dune” platforması sənətçilərin dinlənmə göstəricilərini investisiya alətinə çevirərək, dinləyicilərə “səhmdar” olma imkanı təqdim edir.
HİT.az xəbər verir ki, digital musiqi platformalarının bazarı idarə etdiyi dövrdə, sənətçilərin gəlirlərinin ədalətli bölüşdürülməməsi ilə bağlı müzakirələr getdikcə artır. “Spotify”ın 20 illiyini qeyd etdiyi bir vaxtda ortaya çıxan “Dune” isə bu problemə fərqli yanaşma gətirir.
Keçən ilin sonlarında fəaliyyətə başlayan platforma dinləyicini sadəcə auditoriya deyil, eyni zamanda investor kimi görən hibrid model qurub. Sistem çərçivəsində istifadəçilər sevdikləri sənətçilərin “hissələrini” alıb-sata bilirlər. Bu hissələrin dəyəri isə birbaşa olaraq həmin sənətçinin əsas platformalardakı gündəlik dinlənmə göstəricilərindən asılıdır.
Layihənin qurucuları Paul Knovles və Paul Bov bu modeli mövcud musiqi platformalarını əvəz etmək üçün deyil, onlarla inteqrasiya olunan alternativ gəlir sistemi kimi təqdim edirlər. Platforma “musiqi birjası” prinsipi ilə işləyir.
Maraqlı məqamlardan biri isə sistemdə nə süni intellekt, nə də blokçeyn və NFT texnologiyalarından istifadə olunmamasıdır. Bütün proses ənənəvi maliyyə qaydaları çərçivəsində, şəffaf şəkildə idarə olunur.
Mövcud məlumatlara görə, dünya üzrə musiqiçilərin böyük əksəriyyəti rəqəmsal yayım gəlirləri ilə normal yaşayış xərclərini belə qarşılaya bilmir. “Dune” bu boşluğu fanat dəstəyi ilə doldurmağı hədəfləyir.
İnvestor olan dinləyicilər yalnız potensial gəlir əldə etmir, həm də eksklüziv kontentə çıxış, konsert biletlərində üstünlük və limitli məhsullara sahib olmaq kimi imtiyazlar qazanır.
“When in Rome”, “Pyncher”, “The Hunna” və “BC Camplight” kimi sənətçilərin platformaya qoşulması sistemə marağı artırır. Xüsusilə “When in Rome” qrupunun iştirakı sənayedə ciddi siqnal kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, bu model musiqi sənayesində tam dönüş yaratmaya bilər, lakin sənətçinin dəyərinin birbaşa dinləyici tərəfindən müəyyən edildiyi yeni bir yanaşmanın başlanğıcı ola bilər.
Samir


