Əgər siz köhnə smartfonu “ola bilsin lazım olar” düşüncəsi ilə və ya nostalji səbəbilə saxlayırsınızsa, bu cihaz real yanğın təhlükəsi yarada bilər.
HİT.az xəbər verir ki, "BGR" nəşrinin yazdığına görə, istifadə olunmayan telefonlar belə zamanla təhlükə mənbəyinə çevrilə bilir.
2022-ci ildə məşhur texnobloqer "MKBHD" və onun komandası müşahidə edib ki, köhnə "Samsung" telefonlarının batareyaları digər brendlərlə müqayisədə daha sürətlə şişir. Əslində isə bu proses bütün litium-ion batareyalarda baş verir, sadəcə sürəti fərqlənir.
Şişmiş akkumulyator litium-ion (Li-ion) batareyaların sıradan çıxmaq və hətta alovlanmaq üzrə olduğunun əsas əlamətlərindən biridir. Telefon söndürülmüş olsa belə, batareya yavaş-yavaş boşalmağa davam edir. Nəticədə o, dərin boşalma vəziyyətinə düşə bilər ki, bu da riskləri artırır.
Mütəxəssislərin sözlərinə görə, istifadə olunmadığı dövrdə batareya daxilində elektrolitlər tədricən buxarlanır. Bu isə karbon dioksid, dəm qazı və hidrogen kimi qazların yaranmasına səbəb olur. Zamanla bu qazlar yığılır və daxili təzyiq artır, nəticədə telefonun korpusu şişməyə başlayır.
Mütəxəssislər köhnə cihazlara laqeyd yanaşmamağı tövsiyə edirlər: onları çıxarıb yoxlamaq vacibdir. Əgər smartfon artıq istifadə olunmursa, onu satmaq və ya təkrar emala vermək daha doğru addım sayılır.
Hətta xarici zədələr görünməsə belə, cihazın düzgün saxlanması vacibdir. Batareyanın təxminən 50 faizə qədər doldurulması, telefonun söndürülməsi və sərin yerdə saxlanması tövsiyə olunur. Bu proseduru hər altı aydan bir təkrarlamaq lazımdır ki, tam boşalma baş verməsin və batareyanın aşınması sürətlənməsin.
Çıxarıla bilən batareyası olan telefonlarda akkumulyatoru ayrıca saxlamaq daha məqsədəuyğundur — bu, onun daha yavaş boşalmasına kömək edir.
Əgər batareya artıq şişibsə, onu heç bir halda şarj etməyə çalışmaq olmaz. Daxili batareyalı telefonlarda mütləq mütəxəssisə müraciət edilməlidir. Çıxarıla bilən batareya isə ehtiyatla çıxarıla bilər, lakin onu adi zibilə atmaq qadağandır. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin tövsiyələrinə görə, batareyanın kontaktları izolyasiya edilməli, paketə yerləşdirilməli və xüsusi utilizasiya məntəqəsinə təhvil verilməlidir.
“Əks halda, siyirmədə unudulmuş bir smartfon evinizdə gizli təhlükəyə çevrilə bilər”, deyə mütəxəssislər bildiriblər.
Samir


