Şarjı bitən "iPhone 17" sahiblərinə pis xəbər: Klassik üsullar işə yaramır

TEXNO
18:59 / 29.04.2026
38

Yeni nəsil “iPhone” modellərində müşahidə edilən batareya problemi cihaz sahibləri arasında narahatlıq yaradıb. Batareyanın tamamilə boşaldılması nəticəsində telefonun bir daha açılmaması ilə nəticələnən bu nasazlıq son dövrdə “Apple” ekosistemində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

HİT.az xəbər verir ki, müasir smartfon dünyasında əsas gözləntilərdən biri bizi yolda qoymayacaq batareya performansıdır. Yüksək tutumlu akkumulyatorlar mobil istifadə rahatlığının əsasını təşkil edir və istifadəçiləri daimi şarj axtarışından azad edir.

Lakin son günlər “iPhone 17” istifadəçilərindən gələn şikayətlər göstərir ki, batareya tam bitdikdən sonrakı proses gözlənildiyi qədər problemsiz deyil. İstifadəçilər cihazlarını şarja qoşduqda adi “Apple” loqosu əvəzinə qara ekranla qarşılaşdıqlarını bildirirlər.

Problemin detalları göstərir ki, klassik bərpa üsulları burada effektiv deyil. Normalda yazılımsal donma hallarında tətbiq edilən səs artırma, səs azaltma və yan düyməni basılı saxlama kombinasiyası bu vəziyyətdə nəticə vermir. Cihaz enerji mənbəyinə qoşulu olsa da, sanki heç enerji almırmış kimi davranır.

Texnologiya forumlarında sürətlə yayılan məlumatlara görə, bu hal tək-tük istifadəçi problemi deyil. Yüzlərlə istifadəçi telefonlarını uzun müddət şarjda saxlamalarına baxmayaraq heç bir həyat əlaməti görmədiklərini bildirirlər.

Hələlik rəsmi açıqlama verilməsə də, bəzi mümkün həll yolları ortaya çıxıb. Məlumata görə, kabel ilə şarjda açılmayan cihazlar “MagSafe” kimi simsiz şarj üsulları ilə yenidən işə düşə bilər. Bundan başqa, telefonu uzun müddət şarjda saxlamaq və ya kompüterə qoşaraq DFU rejiminə məcbur etmək də sınaqdan keçirilən üsullar arasındadır.

Hələlik bu problemin “iOS 26”dakı proqram xətasından, yoxsa “A19” prosessorundakı texniki vəziyyətdən qaynaqlandığı dəqiq bilinmir. Lakin ümumi gözlənti odur ki, növbəti yeniləmə ilə bu kilidlənmə problemi aradan qalxacaq.

Samir

0