Sosial mediada, xüsusilə "TikTok" platformasında yayılan bir video smartfonların gündəlik istifadədə diqqətdən qaçan gücünü ortaya çıxarıb.
HİT.az xəbər verir ki, videoda “Samsung Galaxy S25 FE” modelinin LED flaşı qara plastik paketə yönəldildikdə, işığın saniyələr içində materialı deformasiya etdiyi görünür.
Oxşar avadanlıqların bir çox müasir modellərdə istifadə edilməsi bu təsirin tək bir cihazla məhdudlaşmadığını göstərir. “Galaxy S24” seriyasından “S26” seriyasına qədər müxtəlif cihazların da oxşar nəticələr verə biləcəyi bildirilir. Videonun şərh hissəsində bir istifadəçinin “Muzeylərdə flaş niyə qadağandır?” qeydi diqqət çəkib.
Mütəxəssislərə görə, bu effektin səbəbi müasir telefonlarda istifadə edilən güclü LED modullardır. İşıq plastik və ya dəri kimi materiallar tərəfindən udulduqda istiliyə çevrilir. Nazik və sintetik səthlərdə bu təsir lokal qızmaya və izlərin yaranmasına səbəb ola bilər. “Samsung” şirkətinin də bəzi modellərdə flaşın uzun müddət dəridə saxlanmaması barədə xəbərdarlıq etdiyi qeyd olunur.
Texnologiya üzrə ekspertlər bu funksiyanın yanlış istifadəsinin risk yarada biləcəyini bildirirlər. Elektron tullantı platformasında çalışan Lee Elliottun sözlərinə görə, əsas təhlükə cihazın təsadüfən açıq qalmasıdır. Telefonun çanta və ya cib kimi qapalı məkanlarda uzun müddət yüksək parlaqlıqda qalması sintetik materialların qızmasına və hətta əriməsinə səbəb ola bilər. Bu isə nəzəri olaraq yanğın riski də yarada bilər.
Bənzər halların təkcə “Samsung”a aid olmadığı da bildirilir. Daha əvvəl “Google Pixel 10” istifadəçiləri də oxşar qızma şikayətləri ilə çıxış etmişdi. Müqayisəli testlər isə “Samsung” modellərində LED gücünün bəzi rəqib cihazlara nisbətən daha yüksək ola biləcəyini göstərir.
Məsələn, “iPhone 17 Pro Max” üzərində aparılan sınaqlarda flaşın eyni səviyyədə istilik yaratmadığı qeyd olunub. Buna görə də, xüsusilə yüksək parlaqlıq rejimində flaşdan istifadə edərkən diqqətli olmaq tövsiyə edilir.
Samir


