Kondisioner evdə və ya ofisdə rahatlıq yaradan əsas cihazlardan biridir. Xüsusilə isti günlərdə həyatınızı xeyli asanlaşdıra bilər. Lakin bəzən cihaz sıradan çıxır və çox vaxt ən uyğun olmayan anda işləməyi dayandırır. Əslində isə bu cür qurğuların müəyyən xidmət müddəti var.
HİT.az xəbər verir ki, bu barədə "Slash Gear" resursu məlumat verir.
Ənənəvi pəncərə tipli kondisionerlər adətən 8–10 il xidmət göstərir. Daha müasir divar tipli kondisionerlər isə daha uzunömürlü olur və orta hesabla 10–15 il işləyir.
Müəllif qeyd edir ki, ən davamlı sistemlər mərkəzləşdirilmiş kondisioner sistemləridir: "Adətən bu cür isitmə, ventilyasiya və kondisioner (HVAC) sistemləri təxminən 15–20 il işləyir. Daha kiçik analoqlarından fərqli olaraq, mərkəzi kondisionerlər daha geniş sahəni soyutmaq üçün nəzərdə tutulub. Bu səbəbdən onlar daha intensiv işləməli olur və zamanın sınağına davam gətirməlidir. Quraşdırılma tarixindən asılı olaraq, HVAC sisteminiz hələ uzun illər xidmət göstərə bilər".
Kondisionerin istismar müddətini necə uzatmaq olar?
Kondisionerin növündən və ya markasından asılı olmayaraq, onun ümumi xidmət müddəti dəyişə bilər. Bu səbəbdən hər hansı cihaz üçün dəqiq zaman çərçivəsi müəyyən etmək çətindir. Resurs vurğulayır ki, bu məsələdə əsas amil müntəzəm texniki xidmətdir.
Bəzi işləri istifadəçi özü də yerinə yetirə bilər – məsələn, istehsalçının tövsiyələrinə uyğun olaraq hava filtrlərini yoxlamaq və ya dəyişmək mümkündür. Xarici blok da diqqətdən kənarda qalmamalıdır – toz, yarpaq və digər çirklər hava axınını məhdudlaşdıra bilər.
Bununla yanaşı, bəzi hallarda mütəxəssislərə müraciət etmək vacibdir.
“Sertifikatlı texniki mütəxəssislər istilik dəyişdiriciləri, ventilyatorlar, mühərriklər və drenaj sistemləri daxil olmaqla vacib komponentləri təmizləmək üçün lazımi avadanlıqlara malikdir. Xüsusilə daxili elektronika ilə bağlı texniki işləri müstəqil yerinə yetirməyə cəhd ciddi xəsarətlərə səbəb ola bilər”, deyə materialda qeyd olunur.
Samir


