Çin modellərinə cavab: Avropa avtomobil nəhəngi ucuz elektromobil elan edir

AVTO
12:12 / 20.05.2026
51

“Stellantis” şirkəti kompakt və əlçatan elektrik avtomobili olan E-Car layihəsini təqdim edib. 

HİT.az xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.

Model adındakı “E” hərfi “Avropa”, “emosional”, “elektrik” və “ekoloji” mənalarını ifadə edir.

“Stellantis” elektrik avtomobilin istehsalını İtaliyada, Neapol yaxınlığındakı zavodda həyata keçirməyi planlaşdırır. Həmin müəssisədə hazırda Fiat Panda istehsal olunur. Ultra-kompakt elektrik model Avropa bazarı üçün xüsusi hazırlanır və ucuz Çin elektrik avtomobillərinə birbaşa rəqib kimi qiymətləndirilir.

“E-Car – Stellantis-in Avropa kimliyində dərin köklərə malik kiçik avtomobil uğurunu davam etdirən bir konseptdir. Müştərilərimiz Avropada istehsal olunan, əlçatan, ekoloji və stil sahibi kompakt avtomobillərin geri dönüşünü istəyir”, – deyə “Stellantis”in baş direktoru Antonio Filosa bildirib.

Məlumata görə, E-Car modelləri müasir dizayna sahib olacaq və bazara çıxış müddətini azaltmaq üçün tərəfdaşlarla birlikdə hazırlanacaq qabaqcıl texnologiyalarla təchiz ediləcək.

Avtomobilin istehsalına 2028-ci ildə başlanması planlaşdırılır. Qiymət hələ rəsmi açıqlanmasa da, analitiklərin fikrincə, yeni model 15 min avrodan ucuz olacaq. Müqayisə üçün, büdcə sinfi sayılan yeni Nissan Leaf təxminən 25 min dollar qiymətindədir.

Samir

0