İnsanlar restoranda kuklalarla birlikdə yeyib-içməli oldular (FOTO)

11:15 / 18.05.2020
1162

Dünyanın hər yerində karantin rejimləri ləğv edilməyə, insanlar əvvəlki normal həyata nisbətən geri dönməyə başlayıblar. Bununla belə dünyanın ən məşhur mütəxəssisləri koronavirusun uzun müddət həyatımızda qalacağını iddia edirlər. Bu səbəbdən insanlar normal həyata qayıdışda koronavirusdan qorunmağın ən ağılagəlməz üsullarını tapmağa başlayıblar.


Məsələn, Tailandın məşhur restoranlarının birində fiziki məsafəni qorumaq üçün oyuncaq pandalardan istifadə ediblər. Belə ki, “Maison Saigon” adlı restoranda boş qalması tələb olunan stullara oyuncaq pandalar yerləşdiriblər. Bununla da müştərilər arasında məsafə qorunub.
Bu üsul müştəriləri təəccübləndirsə də, heç bir etiraz olmadan qaydaya riayət ediblər.


ABŞ-ın Vaşinqton şəhərində də bu cür üsul tətbiq edilib. Belə ki, şəhərdə yerləşən “The Inn at Little Washington” adlı lüks restoranda boş qalması tələb olunan masalara cansız manekenlər qoyulub. Bu manekenlər sanki 1940-cı illərdən gəlib. Onların geyimləri üçün xüsusi olaraq “Arlington Signature” teatrı və “Design Foundry” adlı dizayn şirkətinə müraciət olunub.
Restoran rəhbərliyinin sözlərinə görə, manekenlər vasitəsi ilə fiziki məsafəni qorumaqla, iki dəfə az müştəri qəbul edəcəklər.


Maraqlıdır ki, cansız manekenlərin qarşısındakı badələr içki ilə doldurulmuş şəkildə olub. Restoran yenidən açıldığı zaman ofisantlar manekenlərin badələrini tez-tez dəyişdirəcək, bununla da cansız manekenlərə əsl müştəri kimi davranacaqlar.

0
Musavat.com