Misirlilərin məşhur piramidanı necə tikdiyi ilə bağlı yeni ehtimal

DÜNYA
19:38 / 17.09.2026
47

Qədim misirlilərin nəhəng daş blokları necə qaldıraraq piramidalar inşa etdiyi uzun illərdir elm dünyasında müzakirə olunur. Yeni araşdırma isə bu prosesdə suyun mühüm rol oynaya biləcəyini göstərir.

HİT.az xəbər verir ki, alimlər Misirdə yerləşən Coserin pilləli piramidasının ətrafındakı qədim xəndəyin əslində hidravlik sistemin bir hissəsi ola biləcəyini irəli sürüblər.

Təxminən 3 kilometr uzunluğa və bəzi yerlərdə 20 metr dərinliyə çatan bu struktur uzun müddət arxeoloqlar üçün müəmmalı olub. İndiyədək onun daş karxanası, yaxud dini məqsədli qurğu olduğu ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Yeni araşdırmaya əsasən, xəndək suyun toplanması və yönləndirilməsi üçün istifadə edilmiş ola bilər. Tədqiqatçılar hesab edirlər ki, qədim inşaatçılar bu sistemdən istifadə etməklə piramidanın daxilindəki ağır daş blokları yuxarı qaldıra biliblər.

Alimlərin ehtimalına görə, su Abusir çayının yatağından əraziyə yönləndirilə bilərdi. Piramidadan təxminən 400 metr məsafədə yerləşən Gisar əl-Mudir adlı qədim bəndin də bu prosesdə rolu ola bilərdi.

Bəndin daşqın sularını topladığı, iri çöküntülərin dibə çökməsinə imkan verdiyi və daha təmiz suyun piramida kompleksinə doğru yönəlməsini təmin etdiyi düşünülür.

Su daha sonra Coser kompleksini əhatə edən “Quru xəndəyə” və onun cənub hissəsində yerləşən dərin kanala daxil ola bilərdi. Təxminən 27 metr dərinliyində və 3 metr enində olan bu kanal yeraltı bir neçə bölmə ilə əlaqələnir.

Tədqiqatçılar həmin bölmələrin suyun təmizlənməsi üçün istifadə edildiyini düşünürlər. Onların fikrincə, ilk hissələrdə çöküntülər dibə çökür, daha sonra su toplama hovuzuna keçirdi. Səthdəki quyular isə işçilərin suya çıxışını təmin edə bilərdi.

Araşdırmanın ən diqqətçəkən hissəsi piramidanın daxilindəki şaquli şaxtalarla bağlıdır. Alimlərin fikrincə, su dərin xəndəkdən şimal şaxtasına daxil olduqda böyük taxta üzgəci yuxarı qaldıra bilərdi.

Bu üzgəc kəndirlər və bloklar vasitəsilə daşların yerləşdirildiyi platformaya bağlanmış ola bilərdi. Şaxta su ilə dolduqca mexanizm hərəkətə gəlir, platformadakı daş blok yuxarı qalxırdı. Daha sonra suyun boşaldılması ilə proses növbəti tikinti səviyyəsində təkrarlana bilərdi.

Beləliklə, tədqiqatçılar minlərlə il əvvəl misirlilərin ağır daşları yalnız rampalar və kəndir sistemləri ilə deyil, hidravlik mexanizmdən istifadə etməklə də qaldırmış ola biləcəklərini düşünürlər. Bununla belə, bu, hələlik elmi ehtimaldır və nəzəriyyənin tam təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Təxminən 4 700 il əvvəl inşa edilən Coserin pilləli piramidası Misirin ən qədim monumental piramidalarından biri hesab olunur. O, həmçinin tamamilə işlənmiş daşdan inşa edilmiş ən erkən iri tikililərdən biri kimi tanınır.

Piramidanın tikintisində milyonlarla əhəngdaşı blokundan istifadə edildiyi bildirilir. Onun inşasında tətbiq olunan üsullar isə bu günə qədər qədim Misirin ən böyük arxeoloji sirlərindən biri olaraq qalır.

Samir

0